Süni intellektin inkişafı işə qəbul prosesində CV, diplom və sertifikatların saxtalaşdırılması riskini artırıb. Şirkətlərin təqdim olunan sənədlərin doğruluğunu necə yoxlamalı olduğu məsələsi diqqət mərkəzindədir
Süni intellektlə hazırlanan saxta diplom, CV və sertifikatları şirkətlər necə aşkarlaya bilər?
Süni intellekt mütəxəssisi Abdulla Abdullayev Demokrat.az-a açıqlamasında deyib ki, CV-nin süni intellekt dəstəyi ilə hazırlanmasında hər hansı problem görmür.
Onun sözlərinə görə, əsas məsələ CV-də təqdim olunan məlumatların namizədin real bilik və bacarıqlarını əks etdirməsidir:
"Süni intellekt burada məlumatların daha düzgün və peşəkar formada təqdim olunmasına kömək edən bir vasitədir. Sertifikat və diplomların həqiqiliyini sənədin üzərindəki nömrə ilə yanaşı, həmin sənədi təqdim edən müəssisə ilə əlaqə saxlayaraq da dəqiqləşdirmək mümkündür. Bu baxımdan işəgötürənlər yalnız sənədin mövcudluğuna deyil, onun hansı qurum tərəfindən verildiyinə və namizədin həmin sənədi əldə etməsi ilə bağlı məlumatların uyğunluğuna da diqqət yetirə bilərlər. CV-də göstərilən iş təcrübəsi və bacarıqlar da müxtəlif üsullarla yoxlanıla bilər. Məsələn, namizədin əvvəlki iş yerlərindən referans almaq, müsahibə zamanı konkret suallar vermək və praktiki tapşırıqlar təqdim etmək mümkündür. Belə yoxlamalar namizədin CV-də qeyd etdiyi bilik və təcrübənin nə dərəcədə real olduğunu daha aydın göstərir".
Onun fikrincə, burada əsas məsələ CV-nin süni intellekt vasitəsilə hazırlanması deyil:
"Əsas diqqət sənəddə qeyd olunan məlumatların həqiqiliyinə və namizədin həmin bilik və bacarıqlara real olaraq sahib olub-olmamasına yönəlməlidir. Məlumatlar doğrudursa və namizəd müsahibə və praktiki mərhələlərdə qeyd etdiyi bacarıqları nümayiş etdirə bilirsə, CV-nin hazırlanmasında süni intellektdən istifadə olunması ayrıca problem kimi qiymətləndirilməməlidir".
Bu barədə saytımıza danışan Əmrah Mövsümzadə bildirib ki, süni intellekt texnologiyalarının inkişafı sənədlərin hazırlanmasını və redaktəsini xeyli asanlaşdırıb:
"Bu imkanlar işə qəbul prosesində də yeni risklər yaradır. Artıq süni intellekt vasitəsilə peşəkar görünən CV-lər hazırlamaq, sertifikatların vizual görünüşünü təqlid etmək, hətta diplom və digər sənədlərin saxta versiyalarını yaratmaq mümkündür. Bu isə işəgötürənlərin namizədlər tərəfindən təqdim olunan məlumatların həqiqiliyini yoxlamasını daha da vacib edir. Şirkətlər ilk növbədə yalnız sənədin görünüşünə deyil, onun doğruluğunu təsdiqləyən mənbələrə diqqət yetirməlidirlər. Məsələn, diplom və ya sertifikatın təqdim edildiyi təhsil müəssisəsi, sertifikatı verən qurum və ya müvafiq məlumat bazaları vasitəsilə yoxlama aparıla bilər. Zərurət olduqda, namizədin razılığı ilə həmin qurumlarla birbaşa əlaqə saxlanılaraq sənədin həqiqiliyi təsdiqlənməlidir. CV-lərin yoxlanılması zamanı isə namizədin göstərdiyi iş təcrübəsi, əvvəlki iş yerləri, vəzifələri və peşəkar nailiyyətləri müqayisə edilməlidir".
Mütəxəssis əlavə edib ki, müsahibə zamanı namizədə konkret layihələr, istifadə etdiyi texnologiyalar və iş təcrübəsi ilə bağlı praktiki suallar verilməsi də onun bilik və bacarıqlarının qiymətləndirilməsinə kömək edir:
"Süni intellekt bu prosesdə əlavə vasitə kimi də istifadə oluna bilər. Məsələn, sənədlərdəki vizual uyğunsuzluqların, dəyişdirilmiş mətnlərin, tarixlərin və digər şübhəli detalların aşkarlanmasına kömək edən sistemlər mövcuddur. Lakin burada mühüm məqam ondan ibarətdir ki, süni intellekt tərəfindən hazırlanmış və ya redaktə edilmiş sənədi yalnız görünüşünə əsasən etibarlı şəkildə müəyyən etmək həmişə mümkün deyil. Eyni zamanda avtomatlaşdırılmış yoxlama sistemləri həqiqi sənədləri də səhvən şübhəli hesab edə bilər. Buna görə də süni intellektin verdiyi nəticə yekun qərar deyil, əlavə araşdırma üçün siqnal kimi qəbul edilməlidir. Digər tərəfdən, şirkətlər namizədlərin şəxsi məlumatlarının qorunmasına da diqqət yetirməlidirlər. Diplom, şəxsiyyət sənədi və digər həssas məlumatların yoxlanılması yalnız zəruri həcmdə, təhlükəsiz sistemlər vasitəsilə və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Saxta sənədlərlə mübarizədə ən effektiv yanaşma yalnız süni intellektə güvənmək deyil, texnoloji vasitələri rəsmi mənbələrdən təsdiqləmə, peşəkar qiymətləndirmə və insan nəzarəti ilə birləşdirməkdir. Çünki sənədin peşəkar görünməsi onun həqiqi olduğunu sübut etmədiyi kimi, sənəddəki hər hansı texniki uyğunsuzluq da avtomatik olaraq saxtakarlıq demək deyil".


