Texnologiya

Paltaryuyan maşında bu proqramdan hər paltar üçün istifadə etmək olmaz

Paltaryuyan maşında bu proqramdan hər paltar üçün istifadə etmək olmaz

Paltaryuyan maşınlarda ən çox istifadə olunan proqramlardan biri bütün geyimlər üçün uyğun olmaya bilər. Söhbət "Easy Care", bəzi modellərdə isə "Permanent Press, Perm Press" və ya "Wrinkle Control" adlandırılan rejimdən gedir.

Demokrat.az "The Coolist"a istinadən xəbər verir ki, bu proqram əsasən sintetik parçalar, qarışıq materiallar və tez qırışan geyimlər üçün nəzərdə tutulub.

Bu rejimdə adətən əvvəlcə ilıq sudan, daha sonra isə soyuq yaxalamadan istifadə edilir. Paltarlar barabanda daha yumşaq hərəkət etdirilir və sıxma prosesi daha aşağı sürətlə aparılır. Məqsəd parçaların həddindən artıq qırışmasının qarşısını almaqdır.

Proqram, əsasən, köynəklər, polyester-pambıq qarışıqları, sintetik trikotaj, polyester və viskoza kimi materiallardan hazırlanmış geyimlər üçün uyğundur. Belə yuma dövrü bir çox maşında təxminən 30 dəqiqə davam edir.

Bəs hansı paltarları bu rejimdə yumaq olmaz?

Mütəxəssislər dəsmal, yataq dəsti, cins şalvar və adi pambıq köynəklərin bu proqramda yuyulmasını məsləhət görmürlər. Bu əşyalar üçün daha intensiv işləyən "Pambıq" (Cotton) rejimi daha münasibdir.

Çünki pambıq proqramında su daha yüksək temperaturda ola bilər, baraban daha intensiv hərəkət edir və sıxma sürəti yüksək olur. Bu xüsusiyyətlər qalın pambıq parçalarındakı yağ və digər çirklərin daha yaxşı təmizlənməsinə kömək edir.

Dəsmalların daim "Easy Care" rejimində yuyulması isə liflərdə toplanan çirklərin tam təmizlənməməsinə və zamanla xoşagəlməz, nəm qoxusunun yaranmasına səbəb ola bilər.

Bu, ən zərif proqram da deyil

"Easy Care" rejiminin daha yumşaq işləməsi onu ən həssas geyimlər üçün uyğun seçim etmir. Alt paltarları, krujeva, ipək və nazik trikotaj üçün "Delicate" və ya "Hand Wash" kimi zərif proqramlardan istifadə etmək daha məqsədəuyğundur.

Yun və kaşmir kimi materiallar üçün isə etiketdə göstərilən yuma qaydalarına əməl etmək xüsusilə vacibdir.

Mütəxəssislər paltarları şərti olaraq üç qrupa ayırmağı tövsiyə edirlər:

* Adi və ya pambıq rejimi: dəsmallar, yataq dəstləri, cins şalvar, pambıq köynəklər və mətbəx dəsmalları;

* Easy Care/Permanent Press: köynəklər, bluzlar, polyester-pambıq qarışıqları, sintetik trikotaj və qırışmağa davamlı geyimlər;

* Zərif və ya əl ilə yuma rejimi: alt paltarları, krujeva, ipək, nazik trikotaj və yun.

Daha bir vacib məqam isə yuma başa çatdıqdan sonra paltarları maşında uzun müddət saxlamamaqdır. Geyimlər barabanda qaldıqda, hətta qırışların qarşısını almaq üçün nəzərdə tutulmuş proqramdan istifadə edilsə belə, yenidən qırıla bilər.

Jalə