Özəl

Öz adına olan nömrəni başqasına verənlərin nəzərinə! — Risk var

Öz adına olan nömrəni başqasına verənlərin nəzərinə! — Risk var

Mobil nömrənin bir şəxsin adına rəsmiləşdirilməsi, lakin başqa şəxs tərəfindən istifadə olunması hüquqi baxımdan müəyyən suallar yarada bilər. Xüsusilə nömrədən istifadə edən şəxsin qanunsuz əməl törətməsi zamanı məsuliyyətin kimə aid olduğu məsələsi aktuallaşır.

Bəs belə hallarda hüquqi məsuliyyət nömrənin sahibinə, yoxsa qanunsuz əməli törədən şəxsə aid edilir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib ki, cinayət məsuliyyəti nömrənin kimin adına rəsmiləşdirilməsinə görə deyil, əməli kimin törətməsinə görə yaranır.

Öz adına olan nömrəni başqasına verənlərin nəzərinə! — Risk var

Onun sözlərinə görə, mobil nömrənin abunəçisi olmaq cinayətin subyekti olmaq demək deyil:

"Nömrənin qeydiyyat məlumatı istintaq üçün yalnız ilkin istiqamətverici məlumatdır, ittiham hökmünün əsası deyil. Buna baxmayaraq, bir sıra hallarda abunəçi özü də müstəqil əsaslarla məsuliyyət daşıya bilər və mülki-hüquqi (müqavilə) öhdəliklər onun üzərində qalır. Cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinin yeganə əsası qanunla nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini özündə əks etdirən əməldir. Yəni məsuliyyət əmələ bağlıdır, statusa yox. Şəxs yalnız təqsirli sayıldığı əməlinə görə məsuliyyət daşıyır; təqsirsiz məsuliyyət (obyektiv inkriminasiya) yolverilməzdir. Buradan çıxan nəticə birmənalıdır, nömrənin sahibi əməlin obyektiv tərəfini yerinə yetirməyibsə və onun hərəkətlərində nə qəsd, nə də ehtiyatsızlıq formasında təqsir yoxdursa, cinayət məsuliyyəti istisna olunur. Mobil nömrə burada cinayətin aləti, vasitəsidir, alətin mülkiyyətçisi isə avtomatik olaraq cinayətkar sayılmır bu, maşını oğurlanmış və həmin maşınla qəza törədilmiş avtomobil sahibinin vəziyyəti ilə eyni məntiq daşıyır. Ümumi qaydadan istisnalar var.

Vəkil əlavə edib ki, nömrə sahibi aşağıdakı hallarda müstəqil əsasla məsuliyyətə cəlb oluna bilər:

"Əgər şəxs nömrəni konkret cinayətin törədilməsi üçün bilərəkdən təqdim edibsə, o, köməkçi kimi qiymətləndirilir. Cinayət Məcəlləsinə görə cinayətin törədilməsi üçün vasitə və alətlər verən şəxsi köməkçi sayır. Nömrə oğurlanmış və ya saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınıbsa, burada artıq adına nömrə yazılan şəxs zərərçəkmişdir, məsuliyyət isə dələduzluq edərək qeydiyyatı həyata keçirən və ya sənədi istifadə edən şəxsin üzərinə düşür. Əgər abunəçi əməlin kim tərəfindən törədildiyini bilə-bilə gizlədirsə-ağır və xüsusilə ağır cinayətlər üzrə məlumat verilmədikdə onun cinayət məsuliyyət yarana bilər Lakin unutmamaq lazımdır ki, "nömrəni başqasına vermə" özlüyündə cinayət tərkibi deyil və əksər müvafiq cinayətlər (dələduzluq, hədə-qorxu, böhtan, kibercinayətlər) yalnız qəsdlə törədilə bilər. Nəzərə alınmalı məqamlardan biri odur ki, cinayət məsuliyyətinin olmaması mülki məsuliyyəti avtomatik aradan qaldırmır. Abunə müqaviləsinin tərəfi abunəçidir. Telekommunikasiya xidmətlərinin göstərilməsi qaydalarına və operatorların standart müqavilə şərtlərinə görə xidmət haqqı, borc, nömrənin istifadəsi ilə bağlı müqavilə öhdəlikləri abunəçinin üzərində qalır operator üçüncü şəxsin faktiki istifadəsinə görə öz tələbini ona qarşı yönəldir.

Zərər çəkmiş üçüncü şəxs qarşısında isə delikt məsuliyyəti Mülki Məcəllənin ümumi qaydaları üzrə zərəri vuran şəxsin üzərinə düşür. Abunəçi yalnız öz təqsiri (məsələn, nömrəni açıq-aşkar qanunsuz məqsədlə naməlum şəxsə verməsi) sübuta yetirildikdə cavabdeh ola bilər. Nömrənin qeydiyyatı ilə faktiki istifadə arasındakı fərq hüquqi baxımdan sübutetmə probleminə çevrilir, məsuliyyətin ünvanını isə dəyişmir. Cinayət məsuliyyəti şəxsidir və təqsirə əsaslanır ona görə də qanunsuz əməli törədən faktiki istifadəçi cavabdehdir. Nömrə sahibi isə yalnız öz davranışında müstəqil cinayət tərkibi (iştirakçılıq, gizlətmə, yalan ifadə, sənəd saxtakarlığı) olduqda məsuliyyət daşıyır, mülki və müqavilə öhdəlikləri baxımından isə risk hər halda onun üzərində qalır. Bu da bir daha nömrələrin "başqasının adına" saxlanmasının hüquqi cəhətdən nə qədər riskli olduğunu göstərir".