Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında Lixtenşteynlə qarşılaşacaq. Qarşılaşma öncəsi komandaların qrupdakı mövqeyi və əvvəlki oyunlardakı nəticələri diqqət çəkir.
Bəs belə matçlarda nəticəyə təsir edən əsas amillər nələrdir və millimizdə hansı çatışmazlıqlar üzə çıxa bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Xətai Peşəkar Futbol Klubunun baş məşqçisi Samir Qasımov bildirib ki, bu oyun bizim üçün çox vacibdir.
Onun sözlərinə görə, belə oyunlarda ən böyük təhlükə rəqib deyil, özümüz ola bilərik:
"Birinci məsələ rəqibi ciddiyə almamaqdır. "Biz onsuz da qalib gələcəyik", "rəqib zəifdir", "üç xal cibimizdədir" düşüncəsi ilə meydana çıxmaq olmaz. Futbolda belə yanaşma çox ağır nəticə verə bilər. Rəqibi kiçik görən komanda oyunun əvvəlindən özünə problem yaradır. Futbolçu nəticəni oyundan əvvəl beynində həll edəndə meydanda lazım olan konsentrasiya, aqressivlik və qərarvermə keyfiyyəti aşağı düşür. Ona görə də ilk dəqiqədən rəqibə təzyiq göstərmək, oyunun tempini özümüz müəyyənləşdirmək lazımdır. İkinci məsələ rəqibin müdafiə modeli olacaq. Lixtenşteyn böyük ehtimalla kompakt müdafiə olunacaq və bizim səhvimizi gözləyəcək. Topa sahib olmaqla oyuna nəzarət etmək eyni şey deyil. 70 faiz topa sahib ola bilərsən, amma rəqib sənin qapına iki dəfə gəlib iki təhlükəli vəziyyət yarada bilər. Topu itirəndə necə reaksiya verəcəyik, əsas məsələ budur. Keçidlərdə bir neçə saniyəlik boşluq versək, rəqib bundan istifadə edə bilər. Üçüncü məsələ hücum futboludur. Rəqib aşağı blokda oynayanda mərkəzdə boşluq tapmaq çətin olacaq. Ona görə cinahlardan effektiv istifadə etməli, müdafiə xəttinin arxasına qaçışlar etməli və cərimə meydançasının qarşısında ikinci temp hücumları qurmalıyıq. Topu sağdan sola, soldan sağa ötürməklə hücum qurmuş olmuruq. Əgər bu top dövriyyəsi qol epizodu yaratmırsa, bunun heç bir mənası yoxdur. Topa sahib olmaq yox, üstünlüyü nəticəyə çevirmək lazımdır.
Dördüncü məsələ standart vəziyyətlərdir. Bəzən belə oyunlarda bütün taktiki planı bir künc zərbəsi dəyişir. Bir cərimə zərbəsi, bir aut və ya cərimə meydançasında ikinci top oyunun taleyini həll edə bilər. Ona görə həm hücumda, həm də müdafiədə standart vəziyyətlərə münasibət maksimum ciddi olmalıdır. Burada bir anlıq diqqətsizlik belə bağışlanmır. Beşinci məsələ isə qolun komandaya təsiridir. İlk qolu biz vursaq, əlbəttə, ikinci qolu da axtarmalıyıq. Amma burada ağılsız şəkildə irəli atılmaq lazım deyil. Struktur qorunmalıdır, oyun nəzarətdən çıxmamalıdır. Əgər əksinə, erkən qol buraxsaq, onda komandanın reaksiyası çox şeyi göstərəcək. Panikaya düşmək, oyunu fərdi şəkildə xilas etməyə çalışmaq olmaz. Belə məqamda təcrübəli futbolçular məsuliyyəti üzərinə götürməlidir. Azərbaycan millisi topa sahib olanda nə yaradacaq? Çünki əsas çatışmazlıq məhz burada üzə çıxa bilər hücum futbolunda yaradıcılığın davamlılığı. Əks-hücum oynamaq bir şeydir, oyunu özün qurmaq tamam başqa şey.
Biz rəqibin səhvini gözləməməliyik. Özümüz rəqibə problem yaratmalıyıq. Əgər 60-70 faiz topa sahib olub, bunun qarşılığında real qol epizodları yarada bilmiriksə, həmin statistikanın heç bir əhəmiyyəti yoxdur. Rəqib hər dəqiqə özünə inam qazandıqca bizim işimiz daha da çətinləşəcək. Ona görə mən bu oyuna sadəcə "Lixtenşteyni məğlub etməliyik" prizmasından baxmıram. Mən baxıram ki, Azərbaycan millisi favorit statusunun yaratdığı təzyiqi necə idarə edəcək, oyunu nə qədər keyfiyyətli quracaq və üstünlüyünü nə qədər tez real təhlükəyə çevirə biləcək. Çünki belə oyunlarda rəqibin zəif olması sənə heç nə qazandırmır. Əgər özümüz oyuna düzgün yanaşmasaq, rəqibin zəifliyi bizim üçün heç bir üstünlük olmayacaq".


