Sağlamlıq

İnfarkt niyə gəncləşib?

İnfarkt niyə gəncləşib?

Son zamanlar yeniyetmələr arasında ürək tutması və ürəklə bağlı digər ciddi problemlərin yaşanması ilə bağlı hallar diqqət çəkir. Belə vəziyyətlərin gənc yaşlarda müşahidə olunması valideynlər arasında da narahatlıq yaradır.

Yeniyetmələr arasında ürək tutması kimi hallar niyə baş verir? Bu yaş qrupunda ürək problemlərinin yaranmasına hansı amillər təsir edir?

Demokrat.az-a bu barədə danışan terapevt Zakir Quliyev bildirib ki, yeniyetmələrdə ürək tutması adlandırılan hallar nadir olsa da, ciddi səbəblərlə bağlı ola bilər:

İnfarkt niyə gəncləşib?

"Burada infarktla qəfil ürək dayanmasını fərqləndirmək vacibdir: infarkt ürək əzələsinə qan axınının kəsilməsi nəticəsində yaranır və yeniyetmələrdə çox nadir görülür, qəfil ürək dayanması isə adətən təhlükəli ritm pozğunluğu nəticəsində ürəyin qanı effektiv vura bilməməsidir. Bu yaşda belə hadisələrin mümkün səbəbləri arasında anadangəlmə ürək və koronar damar qüsurları, ürək əzələsinin irsi xəstəlikləri, xüsusilə onun qalınlaşması ilə gedən hipertrofik kardiomiopatiya, həmçinin uzun QT sindromu kimi ürəyin elektrik fəaliyyətini pozan xəstəliklər var. Bəzən yeniyetmə özünü sağlam hiss edir və problem ilk dəfə güclü fiziki fəaliyyət zamanı üzə çıxır, lakin hadisə istirahətdə də baş verə bilər".

Zakir Quliyev söyləyib ki, idman ümumilikdə ürək üçün faydalıdır:

"Risk daha çox aşkarlanmamış xəstəliyin müəyyən yüklənmə zamanı təhlükəli ritm yaratması ilə bağlıdır. Virus infeksiyalarından sonra inkişaf edən ürək əzələsi iltihabı miokardit və nadir hallarda döş qəfəsinə ürək döyüntüsünün həssas anında dəyən zərbə də ürək dayanmasına səbəb ola bilər. Ailədə gənc yaşda qəfil və izaholunmaz ölüm, irsi ürək xəstəliyi, yeniyetmədə isə xüsusilə məşq zamanı huş itirmə, sinə ağrısı, qeyri-adi nəfəs darlığı və ürəkdöyünmə olması diqqətlə qiymətləndirilməlidir. Həkim ehtiyaca görə EKQ, ürəyin ultrasəs müayinəsi və digər yoxlamalar təyin edə bilər. Müntəzəm tibbi müayinələr və ailənin ürək xəstəlikləri tarixçəsinin həkimə bildirilməsi riskin erkən aşkarlanmasına kömək edir. Yeniyetmə qəfil yıxılır, reaksiya vermir və normal nəfəs almırsa, dərhal təcili yardım çağırılmalı, ürək-ağciyər reanimasiyasına başlanmalı və varsa, avtomatik xarici defibrilyatordan istifadə edilməlidir".

Bu barədə saytımıza danışan terapevt Şahvələd Məmmədov bildirib ki, 18 yaşın sonuna qədər uşaqlıq dövrü hesab olunur:

"14 yaşdan yuxarı isə artıq yeniyetməlik dövrüdür. Nəzərə alsaq ki, yeniyetməlik dövründə uşaq orqanizmində bir çox hormonal dəyişikliklər baş verir, o cümlədən cinsi yetişkənlik prosesi gedir, qızlarda menstruasiya sikli formalaşır, oğlanlarda isə testosteron hormonunun ifrazı nəticəsində müxtəlif tüklənmələr, bığ-saqqal əmələ gəlir. Bütün bunlar orqanizmdə hormonal dəyişikliklərin baş verdiyini göstərir. Ona görə də yeniyetməlik dövrü ümumiyyətlə uşaq orqanizminin ən həssas dövrlərindən biri hesab olunur. Bu, son vaxtlar yaranan hal deyil. Əvvəllər, xüsusilə Sovet dövründə yeniyetmələr mütəmadi olaraq dispanser müayinələrindən keçirilirdilər. Uşaqlar ildə bir dəfə müayinədən keçər, ürək-damar sistemi ilə bağlı hər hansı risk aşkarlananlar isə poliklinikalarda müəyyən nəzarət qruplarına daxil edilərdilər".

Şahvələd Məmmədov əlavə edib ki, uşaqların bir çoxu yüngül formada da olsa, revmatizm keçirirdi:

"Sonradan revmokardit, ürəkdə revmatizmlə bağlı müxtəlif ağırlaşmalar, qapaq çatışmazlığı və digər problemlər yarana bilirdi. Bəzi hallarda bu problemlər uşaqlar əsgərlik yaşına çatdıqda, 16 yaşdan sonra çağırış zamanı aşkarlanırdı. Bəzən isə daha gec mərhələdə üzə çıxırdı. Ona görə də belə uşaqlar risk qrupuna daxil edilirdi. Nəzərə alsaq ki, yeniyetmə və gənc yaşlarda ürək-damar risklərinin vaxtında aşkarlanması vacibdir, ən azı ildə bir dəfə uşaqların və yeniyetmələrin dispanser müayinəsindən keçməsi məqsədəuyğundur. Poliklinikalarda aparılan müayinələr zamanı şübhəli məqamlar aşkarlanarsa, həmin uşaqlar müəyyən qruplar üzrə nəzarətə götürülməli və ya ixtisaslaşmış həkimə yönləndirilməlidir. O cümlədən, ürək-damar xəstəlikləri baxımından riskli uşaqlar vaxtında müəyyən edilməlidir. Vaxtında aşkarlanmayan bu risklər sonradan ciddi ürək fəsadlarına, qəfil ürək dayanmasına və ürək-damar sistemi ilə bağlı digər ağırlaşmalara səbəb ola bilər".

FH
Fidan Hacızadə
Müxbir