Özəl

Saxta görüntüsü yayılan şəxs nə etməlidir? — Açıqlama

Saxta görüntüsü yayılan şəxs nə etməlidir? — Açıqlama

Süni intellekt vasitəsilə real şəxslərin görüntü və səslərindən istifadə edilərək saxta videoların hazırlanması və həmin şəxsin adından yayılması halları son dövrlərdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Belə videolar şəxsin nüfuzuna və şəxsi həyatına mənfi təsir göstərə bilər.

Bəs süni intellektlə hazırlanmış saxta video real şəxsin adından yayıldıqda həmin şəxs özünü qorumaq üçün hansı addımları ata bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında süni intellekt məhsulları və rəqəmsal transformasiya üzrə aparıcı məhsul sahibi və ekspert, AI əsaslı bilixhub.com platformasının həmtəsisçisi və təlimçi Nazim Ağazadə bildirib ki, bu məsələ hazırda çox aktualdır.

Saxta görüntüsü yayılan şəxs nə etməlidir? — Açıqlama

Onun sözlərinə görə, çünki generativ süni intellekt alətləri inkişaf etdikcə artıq real insanın görüntüsünü və səsini kifayət qədər inandırıcı formada saxtalaşdırmaq mümkündür və bunun hüquqi nəticələri də getdikcə daha ciddi olur:

"Azərbaycanda bu məsələ artıq ayrıca hüquqi tənzimləməyə daxil edilib. Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə süni intellekt vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialın hazırlanması və ya yayılması cinayət məsuliyyəti yarada bilər. Buna görə cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər məqsəd şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaqdırsa, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ola bilər. Belə vəziyyətdə zərərçəkən ilk növbədə sübutları, videonun özünü, linkini, yayımlandığı hesabı, tarix və ekran görüntülərini saxlamalıdır.

Daha sonra məzmunun silinməsi üçün platformaya və hüquqi araşdırma üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsini nəzərdə tutur. Yəni zərərçəkən məhkəmə yolu ilə təkzib və vurulmuş zərərin ödənilməsini də tələb edə bilər. Düşünürəm ki, burada ən vacib məsələ bu materiallara yalnız "saxta video" kimi baxmamaqdır. Əslində söhbət insanın səsinin, görüntüsünün və rəqəmsal kimliyinin onun iradəsi xaricində istifadə edilməsindən gedir. Sİ inkişaf etdikcə "gördüm və eşitdim, deməli həqiqətdir" yanaşması da artıq etibarlı olmayacaq".