İqtisadiyyat

Çindən Avropaya mallar daha tez çatdırılacaq — Azərbaycanın mühüm rolu

Çindən Avropaya mallar daha tez çatdırılacaq — Azərbaycanın mühüm rolu

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2030-cu ilədək Orta Dəhliz üzrə ticarətin həcmini üç dəfə artırmaq və daşınma müddətini iki dəfə azaltmaq mümkündür.

Nazirin sözlərinə görə, Mərkəzi Asiya regionu son beş ildə Azərbaycan üçün ən sürətlə böyüyən ticarət tərəfdaşı olaraq qalır.

İqtisad elmləri doktoru Aqil Əsədov Demokrat.az-a açıqlamasında söyləyib ki, son dövrlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz kimi də tanınır) artan fəallıq nəqliyyat və logistika sektorunda güclü performansın əsasını təşkil edir:

Çindən Avropaya mallar daha tez çatdırılacaq — Azərbaycanın mühüm rolu

"Çin və Aİ arasında ticarət üçün alternativ kanal kimi marşrutun artan əhəmiyyətini nəzərə alaraq, bu sektorda gələcək artım perspektivləri iqtisadiyyatın daha da şaxələndirilməsinə öz dəstəyini göstərəcəkdir. Öz növbəsində, daha böyük və şaxələndirilmiş nəqliyyat və logistika sektoru Azərbaycanın xarici və daxili şoklara qarşı dayanıqlığını artıracaq, investisiya və kredit profilini gücləndirməklə iqtisadiyyata daha çox müsbət təsir göstərəcəkdir. Onu da qeyd edək ki, Orta Dəhliz yalnız bir daşıma marşrutu deyil, həm də iqtisadiyyatın şaxələndirilməsinə, investisiya cəlbediciliyinə təkan verən bir lokomotivdir. Və ən əsası, Orta Dəhliz 1 trilyondan çox ÜDM-i olan Türk dövlətlərini birləşdirən bir layihə olaraq, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək, Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşımaları həyata keçirməyə imkan verən bir dəyər zənciridir. Dünya Bankının "Middle Trade and Transport Corridor: Policies and Investments to Triple Freight Volumes and Halve Travel Time by 2030" hesabatında da qeyd edildiyi kimi, müəyyən çağırışların nəzərə alınması halında, Orta Dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər.

Bu, müəyyən layihələrin icrası, bir sıra addımların atılması halında mümkündür. Bu mənada, ilk növbədə, dəhlizin fəaliyyətinin koordinasiyasının gücləndirilməsi və vahid (uzlaşdırılmış) idarəetmənin olması çox vacibdir. Xüsusilə, yükün mənşəyindən təyinat məntəqəsinə qədər daşınmalara cavabdeh olan operatorun olmaması interfeyslərdə və daşınmalarda vaxt itkisinə gətirib çıxara bilər. Vahid operatorun yaradılması ilə bağlı əldə edilmiş razılaşma düzgün həyata keçirildiyi təqdirdə, problemi aradan qaldıra, vaxtı azalda bilər ki, bu da yük cəlbediciliyi üçün önəmlidir".

Aqil Əsədov əlavə edib ki, Orta Dəhlizlə bağlı vacib məsələlərdən biri də həm Xəzər dənizində, həm də Qara dənizdə limanların, eləcə də Xəzər dənizində gəmiçilik xidmətlərinin gücləndirilməsidir:

"Bəzi limanların dəmir yolları ilə ilk/son mil əlaqəsinin gücləndirilməsi məqsədəuyğun olardı. Bəzən isə iqlim şəraitinə görə ilin müəyyən dövrlərində liman-dəmir yolu əlaqəsinin yaradılması mümkün olmur ki, bütün bunlar da yüklərin limanlarda qalma müddətlərini artırır və izafi xərclər yaradır. Bütün bunlarla yanaşı, Xəzər dənizində istismar edilən gəmilərin artırılması və Xəzərdə hərəkət sürətinin yüksəldilməsi, o cümlədən daha cəlbedici daşınma tariflərinin təklifi vacib hesab olunur. Orta Dəhlizlə bağlı təkmilləşdirici addımların bir istiqamətinin də dəmir yolu infrastrukturunu əhatə etməsi zəruridir. Nəzəri olaraq, dəmir yolları uzun məsafələri və dəhlizdən keçən yüklərin növlərini nəzərə alaraq, Orta Dəhlizdə müqayisəli üstünlüyə malikdir. Bununla belə, dəmir yolu əməliyyatları üzrə avadanlıqların müasirləşdirilməsi, multimodal daşınmalar üçün əlaqələrin gücləndirilməsi, bu sahədə çalışan kadrların davamlı olaraq mövcud tələblərə uyğunlaşdırılması, çevik və səmərəli əməliyyat təcrübəsinin formalaşdırılması ləngimələrin aradan qaldırılmasına və xərclərin azalmasına kömək edə bilər. Orta Dəhliz boyunca xidmət təminatçıları və tənzimləyici qurumlar arasında məlumat axınının sürətləndirilməsi, çevik əlaqələndirmənin formalaşdırılması zəruridir. Bu, müxtəlif ölkələrin dəmir yolu operatorlarının birləşdiyi sərhəd-keçid məntəqələrində ləngimələri aradan qaldıra, Orta Dəhlizin cəlbediciliyini daha da artıra bilər. Bu sahədə yeni platforma yaradılıb və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tranzit Daşımalar üzrə Koordinasiya Şurası və digər əlaqədar qurumlar tərəfindən ardıcıl addımlar atılır. Hələlik isə Orta Dəhlizin bir çox maraqlı tərəfləri müasir İKT həllərindən istifadə etsə də, bu istiqamətdə də unifikasiya və uzlaşdırmaya, sıx inteqrasiyaya ehtiyac vardır. Bunun olmaması bir çox hallarda sənədlərin təkrarlanması, standartlaşdırılmış, unifikasiya edilmiş məlumat tələblərinin zəifliyi, eyni ölkədəki xidmət təminatçıları və dəhliz ölkələri arasında interfeys nöqtələrində ləngimə və təkrarçılıq ilə nəticələnir ki, bu da dəhlizin cəlbediciliyini təşviq etmir".

Onun fikrincə, bütün bunlarla yanaşı, dəhlizin cəlbediciliyini artırmaq üçün daha yaxşı, çevik koordinasiyanı təmin etmək, səmərəli logistika və rəqəmsallaşma yolu ilə qısamüddətli səmərəliliyin əldə edilməsinin orta müddətli investisiyalarla birləşməsi məqsədəuyğun olardı:

"Orta Dəhliz növbəti 10 il ərzində iştirakçı ölkələr tərəfindən əsasən müəyyən edilmiş və razılaşdırılmış (2022-ci ilin noyabrında imzalanmış Yol Xəritəsi) böyük investisiyalar tələb edəcəkdir. Burada isə yalnız qısa müddətdə daha yaxşı, çevik koordinasiya, logistika və rəqəmsallaşma yolu ilə səmərəliliyin artırılmasına nail olmaq mümkündür. Ən başlıcası, dəhliz üzərində institusional birliyin, çevik koordinasiyanın olması zəruridir. Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan artıq bu istiqamətdə işləyirlər. Beləliklə, qeyd edilənlərin həyata keçirilməsi ilə Orta Dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər. İnvestisiyaların və siyasi müdaxilələrin diqqətlə, ciddi şəkildə uzlaşdırılması ilə Orta Dəhliz müəyyən dərəcədə transkontinental ticarət üçün iqtisadi və geosiyasi dayanıqlığı təmin edə biləcəkdir. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə Çinə, Avropaya və dünyaya çevik inteqrasiya imkanı yaradacaqdır. O ki qaldı Mərkəzi Asiya regionunun son beş ildə Azərbaycan üçün ən sürətlə böyüyən ticarət tərəfdaşı olmasına, bu regionla müxtəlif platformalarda əməkdaşlıqlar uğurla davam etdirilir. Dövlət başçısının səfərləri, imzalanan qarşılıqlı sənədlər iqtisadi sahədə də öz töhfəsini verməkdədir. Xüsusilə, son illər Özbəkistan və Qazaxıstanla ticarət dövriyyəsinin artımı diqqət çəkir. Məsələn, Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi 2021-ci ildə 111,9 milyon ABŞ dollarından 2025-ci ildə 795,2 milyon dollara yüksələrək 7 dəfədən çox artmışdır. 2025-ci ildə artım əsasən əvvəlki illərlə müqayisədə kəskin sürətlənmiş və Özbəkistan Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 14-cü yerə yüksəlmişdir. Qazaxıstanla da dinamika müsbətdir: 2025-ci ildə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi 670,6 milyon dollara çataraq əvvəlki illə müqayisədə 42,6% artmışdır. Təbii ki, bu artımın arxasında yalnız ikitərəfli ticarətin genişlənməsi deyil, həm də Orta Dəhliz, Transxəzər nəqliyyat bağlantıları, logistika, tranzit və investisiya əməkdaşlığının intensivləşməsi dayanır".

FH
Fidan Hacızadə
Müxbir