Özəl

Kredit götürmək qaydaları dəyişir

Kredit götürmək qaydaları dəyişir

Oktyabrın 1-dən onlayn kreditlərlə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni tələblər vətəndaşların məsafədən kredit götürməsini məhdudlaşdırmaq və kredit vəsaitinin dərhal təqdim edilməsinin qarşısını almaqla istehlakçıların müdafiəsini gücləndirməyi nəzərdə tutur.

Bəs yeni qaydalar onlayn kreditlərlə bağlı vətəndaşların qarşılaşdığı problemlərin qarşısını nə dərəcədə ala biləcək?

Demokrat.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, son dövrlərdə kibertəhlükəsizlik məsələləri və vətəndaşların bank hesablarında olan vəsaitlərinin oğurlanması halları daha çox gündəmə gəlir.

Kredit götürmək qaydaları dəyişir

Onun sözlərinə görə, bu baxımdan tətbiq edilən yeni qaydalar vətəndaşların maliyyə vəsaitlərinin qorunması baxımından əhəmiyyətlidir:

"Dünyada son illərdə bank xidmətlərinin rəqəmsallaşması istiqamətində yeni tendensiyalar formalaşıb. Bunlardan biri açıq bankçılığın inkişafı, digəri isə fiziki filiallara əsaslanmayan bankçılıq modelinin geniş yayılmasıdır. Məsələn, Türkiyədə artıq fiziki filial şəbəkəsi olmadan, əsasən onlayn platformalar üzərindən müştərilərə xidmət göstərən banklar fəaliyyət göstərir. Azərbaycanda da bank sektorunun rəqəmsallaşması istiqamətində inkişaf gedir. Gələcəkdə ənənəvi filial və şöbələrlə yanaşı, onlayn bank xidmətlərinin daha geniş tətbiq olunacağı gözlənilir. Bu, vətəndaşlara bank xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etmək, o cümlədən onlayn formada maliyyə xidmətlərindən istifadə imkanlarını genişləndirmək baxımından mühüm üstünlüklər yaradır.

Lakin rəqəmsal bankçılığın inkişafı ilə yanaşı, təhlükəsizlik məsələləri də daha çox aktuallaşır. Çünki bank əməliyyatlarının böyük hissəsinin onlayn müstəviyə keçməsi kibertəhdidlərin və müxtəlif dələduzluq üsullarının yaratdığı riskləri artırır. Kibercinayətkarların onlayn platformalardan istifadə etməklə vətəndaşların bank hesablarına və maliyyə vəsaitlərinə çıxış əldə etməyə çalışması bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Hesab edirəm ki, yeni qaydalar çərçivəsində həyata keçirilən tədbirlər vətəndaşların öz vəsaitlərinə nəzarət imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır. Burada əsas məqsəd rəqəmsal bank xidmətlərinin inkişafını məhdudlaşdırmaq deyil, əksinə, bu xidmətlərdən istifadə zamanı təhlükəsizlik mexanizmlərini daha da gücləndirməkdir. Eyni zamanda, vətəndaşların da maliyyə savadlılığının artırılması vacibdir. Bank hesabları və kartlarla bağlı məlumatların üçüncü şəxslərlə paylaşılmaması, şübhəli keçidlərə daxil olunmaması və bank əməliyyatlarına nəzarətin gücləndirilməsi kiberdələduzluq risklərinin azalmasına kömək edə bilər".