Özəl

Qonşumun kamerası həyətimi çəkir — Nə etmək olar?

Qonşumun kamerası həyətimi çəkir — Nə etmək olar?

Mənzil və ya həyətyanı sahənin təhlükəsizliyi üçün müşahidə kamerasından istifadə geniş yayılıb. Lakin kameranın qonşunun şəxsi və ya mülkiyyətində olan ərazini də görüntüləməsi şəxsi həyatın toxunulmazlığı ilə bağlı hüquqi məsələlər yarada bilər. Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi həyata qanunsuz müdaxilədən müdafiəni təmin edir.

Bəs hansı hallarda qonşunun ərazisinin kameraya düşməsi qanun pozuntusu sayıla bilər və qonşu görüntünün dayandırılmasını və ya kameranın istiqamətinin dəyişdirilməsini tələb edə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, mənzil və həyətyanı sahələrə quraşdırılan müşahidə kameralarının əsas məqsədi təhlükəsizliyin təmin olunması, əmlakın qorunması və mümkün hüquq pozuntularının qarşısının alınmasıdır.

Qonşumun kamerası həyətimi çəkir — Nə etmək olar?

Onun sözlərinə görə, lakin kameranın yerləşdirilməsi zamanı başqa şəxslərin şəxsi həyatının toxunulmazlığına və qanunla qorunan hüquqlarına da diqqət yetirilməlidir:

"Əgər həmin kamera başqa şəxsə məxsus mənzilin daxilini və ya həyətyanı sahəsini çəkirsə və həmin ərazinin mülkiyyətçisi bundan narahatdırsa, burada şəxsi həyatın toxunulmazlığı məsələsi ortaya çıxa bilər. Şəxs hesab edirsə ki, kamera vasitəsilə onun ailə həyatı, mənzilinin daxilində baş verənlər və ya yalnız öz istifadəsində olan həyətyanı sahəsi müşahidə olunur, bu halda öz hüquqlarının pozulduğunu düşünmək üçün əsasları araşdırmaq və müvafiq tədbirlər görmək hüququna malikdir. Belə vəziyyətdə ilk növbədə kamera sahibindən onun istiqamətinin dəyişdirilməsi və başqa şəxsin şəxsi məkanının çəkilişdən kənarda saxlanılması tələb oluna bilər.

Kameranın təhlükəsizlik məqsədi ilə quraşdırılması digər şəxsin şəxsi həyatına müdaxilə etmək hüququ vermir. Ona görə də kamera elə istiqamətləndirilməlidir ki, mümkün qədər yalnız kamera sahibinin əmlakını və ona aid ərazini müşahidə etsin. Əgər kamera texniki baxımdan qonşunun ərazisini də çəkirsə, görüntünün həmin hissəsinin məhdudlaşdırılması, kameranın istiqamətinin dəyişdirilməsi və ya müvafiq texniki vasitələrdən istifadə edilməsi mümkün ola bilər. Burada əsas məsələ təhlükəsizlik məqsədi ilə şəxsi həyatın toxunulmazlığı arasında balansın qorunmasıdır. Şəxs müraciətinə baxmayaraq problemin həll olunmadığını və şəxsi həyatına müdaxilənin davam etdiyini düşünürsə, hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq hüquqi mexanizmlərdən istifadə edə bilər. Xüsusilə kameranın çəkilişlərinin saxlanılması, başqa şəxslərə ötürülməsi və ya internetdə yayılması kimi hallar ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər. Bu səbəbdən müşahidə kamerası quraşdırarkən yalnız təhlükəsizlik məsələsi deyil, qonşuların və digər şəxslərin şəxsi həyatına hörmət də nəzərə alınmalıdır. Kamera elə yerləşdirilməlidir ki, təhlükəsizliyi təmin etməklə yanaşı, başqalarının şəxsi və ailə həyatının toxunulmazlığına mümkün müdaxilənin qarşısı alınsın".