Sosial

Quba almasının qiyməti kəskin ucuzlaşdı

Quba almasının qiyməti kəskin ucuzlaşdı

Qeyri-sabit hava şəraiti səbəbindən bu il almanın yetişmə müddəti uzanıb. Ona görə də yığım prosesi də əvvəlki illərlə müqayisədə gec başlayıb.

Demokrat.az xəbər verir ki, yağmurlu və soyuq hava bu il məhsuldarlığa pis təsir edib.

Xüsusilə almanın səthində yaranan qara ləkə onun həm görünüşünə, keyfiyyətinə zərər vurub. Zədələnmiş məhsula tələbatın az olması isə onun satış qiymətinə təsir edir.

Fermerlərin sözlərinə görə, həmin almalar hazırda istehsal müəssələrində 8 qəpiyə alınır:

"Halbuki xərcləri hazırda kiloya 30-35 qəpikdir. Bu da məlumdur ki, qoyduğumuz xərci qarşılaya bilməyəcək. Keçən il bir hektardan 30-40 ton məhsul toplayırdıqsa, hazırda bu rəqəm 5-10 tona düşüb. Məhsulu yığıb soyuducu anbarlara yerləşdiririk".

Qeyd edək ki, Quba alması xarici bazarlara da çıxarılır. Məhsul bu il Rusiya və Qazaxıstan bazarında aktiv şəkildə çıxarılmır.

Mütəxəssislər isə məhsulu ucuz qiymətə satmaq əvəzinə düzgün şəraitdə saxlanılmasını tövsiyə edirlər. Onu da qeyd edək ki, bir ton almanın bir ay soyuducuda saxlanılması fermerə təxminən 40 manata başa gəlir.