"Ryanair" aviaşirkəti sərnişinlərə hava limanlarında baqajın qarışdırılması ilə bağlı xoşagəlməz halların qarşısını almaq üçün qara, boz və tünd göy rəngli çamadanlardan uzaq durmağı tövsiyə edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Novinite" yazıb.
Nəşrin məlumatına görə, "AOL" platformasında dərc olunan məlumatda bu rənglərin ən çox istifadə olunan çamadan rəngləri olduğu bildirilir. Bu isə enişdən sonra kiminsə konveyerdən səhvən başqasının baqajını götürməsi riskini əhəmiyyətli dərəcədə artırır.
Məqalədə qeyd olunur ki, çamadan seçərkən insanların əksəriyyəti onun möhkəmliyinə və ölçüsünə diqqət yetirir, rənginə isə daha az əhəmiyyət verir.
"Lakin yorucu uçuşdan sonra tələskənlik və yorğunluq diqqətsizliyə asanlıqla səbəb ola bilər. Baqaj lentində onlarla tünd və demək olar ki, bir-birinə bənzəyən çamadan olduqda, onları səhv salmaq riski çox yüksəkdir", deyə nəşr izah edir.
Qeyd olunur ki, əlavə baqaj üçün ödəniş tələb olunan loukoster reyslərində vəziyyət daha xoşagəlməz ola bilər. Baqajın itirilməsi və ya təsadüfən başqası tərəfindən götürülməsi həm maliyyə itkisinə, həm də bir sıra şəxsi problemlərə səbəb ola bilər.
Baqajı daha asan necə tanımaq olar?
Ekspertlər mütləq parlaq çəhrayı və ya neon rəngli çamadan almağı tövsiyə etmirlər.
Əksinə, çox nəzərəçarpan baqaj, xüsusilə tanınmış və bahalı brendə məxsusdursa, oğruların arzuolunmaz diqqətini cəlb edə bilər. Buna görə də klassik tünd rəngli çamadana fərqləndirici element əlavə etmək sadə həll yolu kimi təklif olunur.
Nəşr qeyd edir ki, rəngli lent, qeyri-adi stiker və ya tutacağa bərkidilmiş parlaq aksesuar kifayətdir. Belə elementlər sahibinə baqajını tez tanımağa imkan verir və mümkün oğurluq cəhdlərinin qarşısını ala bilər, çünki çamadanı fərqləndirməyi asanlaşdırır.
"Çamadanın içərisinə izləmə cihazı qoyun ki, onun harada olduğunu həmişə biləsiniz", deyə televiziya aparıcısı və səyahət eksperti Samanta Braun məsləhət görüb.
Qeyd olunur ki, portativ xarici akkumulyatorların təhvil verilən baqajda daşınması ciddi şəkildə qadağan edilsə də, kiçik izləmə cihazlarına aviasiya orqanları tərəfindən icazə verilir.
Əlavə təhlükəsizlik tədbiri kimi mütəxəssislər çamadanın içərisinə sahibinin telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunan sadə bir kağız qoymağı tövsiyə edirlər.
Nəşr əlavə edir ki, çamadanın üzərinə kənardan bərkidilən kağız və ya plastik etiketlər daşınma zamanı asanlıqla qopa bilər.
Turizm üzrə ekspertlər həmçinin səyahətçilərə yola düşməzdən əvvəl zəruri tətbiqləri telefonlarına yükləməyi məsləhət görürlər.
Oflayn istifadə edilə bilən xəritələrin, tərcümə və uçuşları izləmə tətbiqlərinin yüklənməsi mobil rabitənin olmadığı və ya qeyri-sabit olduğu ölkəyə çatdıqda daha inamlı hərəkət etməyə kömək edə bilər.
Jalə


