Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən edilir. Bu zaman müxtəlif pensiya əlavəsi almaq hüququ olan şəxslərə öz arzuları ilə aylıq pensiya əlavəsinin yalnız biri təyin olunur.
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən dəyişiklik, pensiyanın hesablanması və təyin edilməsində yeni mexanizmin tətbiq edilməsinə imkan yaradacaq:

"Yeni tətbiq ediləcək mexanizmlərdən biri də aylıq pensiya əlavələrinin nəzərdə tutulmasıdır. Belə ki, hazırda müzakirə olunan və birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, sosial sığorta mexanizminin gücləndirilməsi və buna uyğun olaraq sosial haqlar nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, yığılmış sosial sığorta haqları hesablanmaqla pensiya məbləği müəyyənləşəcək və müəyyən edilmiş pensiya məbləğinin üzərinə aylıq əlavələr əlavə olunacaq. Nəticədə bu, həmin şəxslərin pensiya məbləğinin artmasına gətirib çıxaracaq. Məsələn, əgər güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşın pensiya yaşı tamam olduqda 100 min manat pensiya kapitalı varsa, həmin 100 min manat 144-ə bölünəcək. Alınan məbləğin üzərinə isə pensiya əlavəsi əlavə olunacaq və nəticədə pensiya məbləği artacaq".
Deputat qeyd edib ki, bu, qanun qəbul edildikdən sonra pensiyaya çıxacaq, yəni pensiya hüququ qazanacaq vətəndaşlara şamil olunacaq:
"Hazırda pensiya alan vətəndaşların pensiya məbləğlərinin hesablanmasında isə hər hansı dəyişiklik nəzərdə tutulmur. Təbii ki, indeksləşdirmə yolu ilə həmin vətəndaşların pensiya məbləği artırılır və növbəti ilin yanvar ayında da artırılacaq. Amma güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşların pensiya məbləğlərinin hesablanması qaydası yeni qanun qəbul edildikdən sonra dəyişəcək. Bu da sosial sığortaya əsaslanan pensiya sisteminin genişləndirilməsinə gətirib çıxaracaq".


