Azərbaycanda avtomobil yollarında yükdaşıyan nəqliyyat vasitələrinin çəki və qabarit tələblərinə əməl etməsinə nəzarət gücləndirilir. Bu məqsədlə daha 3 elektron tərəzi quraşdırılıb və ağırçəkili nəqliyyat vasitələrinin avtomatlaşdırılmış qaydada yoxlanılması imkanları genişləndirilib.
Bəs elektron tərəzilərin tətbiqi yollarda normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin yaratdığı problemlərin qarşısının alınmasına nə dərəcədə təsir göstərəcək?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, bu məsələ çox vacibdir.

Onun sözlərinə görə, çünki dövlət əhəmiyyətli yolların tikintisinə milyonlarla vəsait xərclənir:
"Lakin sonradan həmin yolların normadan artıq yüklənmiş nəqliyyat vasitələri tərəfindən zədələnməsi həm dövlət vəsaitinin səmərəsiz istifadəsinə, həm də vətəndaşların əziyyət çəkməsinə səbəb olur. Son 10-15 illə müqayisədə bu istiqamətdə vəziyyətin müəyyən qədər yaxşılaşdığını düşünürəm. Əvvəllər normadan artıq yüklənmiş yük avtomobillərinin yollardan istifadəsi daha geniş yayılmışdı. Məsələn, Bakı-Quba yolunu götürək. Həmin yolun uzun müddət ağır tonnajlı və normadan artıq yüklənmiş yük avtomobillərinin hərəkətindən ciddi şəkildə zərər gördüyünü müşahidə etmişik. Halbuki həmin yolun tikintisinə kifayət qədər böyük vəsait xərclənmişdi. Bu baxımdan, yollarda çəkiyə nəzarətin gücləndirilməsi, elektron tərəzilərin tətbiqinin genişləndirilməsi və nəzarət mexanizmlərinin düzgün işləməsi müsbət nəticə verə bilər. Nəzarət nə qədər effektiv qurularsa, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin yollara vurduğu zərərin qarşısını almaq da bir o qədər mümkün olar. Nəzərə almaq lazımdır ki, hər bir yol müəyyən texniki standartlar əsasında inşa edilir. Yolun hansı ağırlıqda yükə davam gətirə biləcəyi, müxtəlif hava şəraitlərində isti, soyuq, yağış və digər amillərin təsiri altında necə istismar olunacağı əvvəlcədən hesablanır. Bu standartlardan kənara çıxıldıqda yol örtüyünün daha sürətlə sıradan çıxması qaçılmaz olur.
Bəzən yükdaşıma ilə məşğul olan şəxslər daha çox yük götürməklə daha çox gəlir əldə etməyə çalışırlar. Lakin burada yalnız həmin sahibkarın və ya sürücünün qazancı məsələsi yoxdur. Normadan artıq yüklənmiş avtomobil yolun konstruksiyasına və örtüyünə ciddi zərər vura bilər. Nəticədə dövlətin milyonlarla vəsait hesabına inşa etdiyi yolun istismar müddəti qısalır. Bu isə son nəticədə bütün cəmiyyət üçün problem yaradır. Yolun vaxtından əvvəl təmirə ehtiyacı yaranır, əlavə dövlət vəsaiti xərclənir, sürücülər üçün hərəkət çətinləşir və nəqliyyat təhlükəsizliyinə də müəyyən risklər yaranır. Ona görə də bu istiqamətdə nəzarətin gücləndirilməsinin yalnız müsbət tərəfi ola bilər. Əsas məsələ elektron tərəzilər və digər nəzarət mexanizmlərinin formal şəkildə deyil, effektiv işləməsidir. Qaydaların bütün yükdaşıyanlara eyni şəkildə tətbiq olunması və normadan artıq yük daşıyan nəqliyyat vasitələrinə qarşı real nəzarətin təmin edilməsi həm yolların qorunmasına, həm də dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edər".


