Maraqlı

Əti əridib bir hissəsini kəsərək yenidən dondurmaq olarmı?

Əti əridib bir hissəsini kəsərək yenidən dondurmaq olarmı?

İnsanlar böyük miqdarda ət və ya qiymə aldıqda, adətən məhsulları daha sonra istifadə etmək üçün dondurucuya yerləşdirirlər. Bütün məhsul bir iri tikə halında dondurulur və yalnız bəziləri əti əvvəlcədən porsiyalara bölərək paketlərə yerləşdirir.

Demokrat.az xəbər verir ki, Ukrayna Milli Qida Texnologiyaları Universitetinin ət və ət məhsullarının texnologiyası kafedrasının müdiri Vasili Pasiçnı UNİAN-a açıqlamasında toyuğu əridikdən sonra yenidən dondurmağın mümkün olub-olmadığını və belə addımların ət və ya qiymə üçün nə dərəcədə təhlükəsiz olduğunu izah edib.

Əti əridikdən sonra yenidən dondurmaq olarmı?

Pasiçnının sözlərinə görə, əti əridikdən sonra yenidən dondurmaq məsləhət görülmür. Çünki bu, həm məhsulun təhlükəsizliyinə, həm də keyfiyyətinə təsir göstərə bilər.

"Məsələ ondadır ki, dondurma zamanı hüceyrələrin daxilində buz kristalları əmələ gəlir və onlar hüceyrə membranlarını zədələyir", deyə ekspert bildirib.

Mütəxəssis izah edib ki, ət ikinci dəfə dondurulub daha sonra əridildikdə, ərimə prosesindən sonra ətdən daha çox şirə ayrılır. Yaranan nəmlik isə mikroorqanizmlərin inkişafı üçün daha əlverişli şərait yaradır.

Bundan başqa, mütəxəssisin sözlərinə görə, zədələnmiş hüceyrələr oksigenlə daha çox təmasda olur. Bu isə oksidləşmə prosesini sürətləndirə və ətin rənginə və xüsusiyyətlərinə təsir göstərə bilər.

Yenidən dondurma bu prosesləri aradan qaldırmır. Növbəti ərimə zamanı məhsulun keyfiyyəti daha da pisləşə bilər: ət sıxlığını itirə, həddindən artıq yumşaq hala gələ bilər.

Bu səbəbdən ətin yenidən dondurulmasının mümkün olub-olmadığına əmin deyilsinizsə, texnoloqun məsləhətinə əməl etmək və əti əvvəlcədən porsiyalara bölmək tövsiyə olunur. Məsələn, 500 qramlıq və ya adətən bir dəfəyə istifadə etdiyiniz miqdarda porsiyalar hazırlamaq daha məqsədəuyğundur. Əks halda bu, ailənin sağlamlığı üçün risk yarada bilər.

Dondurmaq ətin və ya qiymənin xarab olmasını dayandıra bilərmi?

Pasiçnı həmçinin dondurmanın ət və ya qiymənin xarab olmasının qarşısını alıb-almadığı məsələsinə də aydınlıq gətirib. Mütəxəssis öz təcrübəsini bölüşüb: "Biz yararlılıq müddətinin sonuna yaxın dondurulan toyuq ətində nələrin baş verdiyini araşdırmışıq".

O bildirib ki, tədqiqat üçün soyudulmuş ət saxlanmasının altıncı-yeddinci günündə, yəni artıq son həddə yaxın olduğu vaxt götürülüb. Ət mənfi 18 dərəcə Selsidə dondurulub və 18 ay saxlanılıb.

Tədqiqat nəticəsində məlum olub ki, mikrobioloji baxımdan ət təhlükəsiz olaraq qalıb. Lakin ekspertin sözlərinə görə, nəticə qablaşdırmadan və məhsuldakı yağın miqdarından asılıdır. Yağ nə qədər çox olarsa, oksidləşmə prosesləri bir o qədər sürətlə gedir.

"Belə şəraitdə vakuum qablaşdırmadan istifadə etməklə məhsulu 12 aya qədər saxlamağın tövsiyə olunduğunu deyə bilərik. Mənfi temperaturda altı aydan sonra bütün patogen mikroflora məhv olacaq. Amma əsas məsələ odur ki, ət artıq xarab olmuş vəziyyətdə olmasın. Ən çoxu, bizim təcrübədə olduğu kimi, xarab olmanın astanasında olsun", deyə Pasiçnı qeyd edib.

Jalə