Sağlamlıq Özəl

Genofondu məhv edən qidalar — AQTA hərəkətə keçdi

Genofondu məhv edən qidalar — AQTA hərəkətə keçdi

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları və konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Aparılan monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.

Qida məhsullarında qadağan olunmuş rəngləyicilərin istifadəsi hansı risklər yaradır?

Demokrat.az-a bu barədə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində qida təhlükəsizliyi, dərman təhlükəsizliyi kimi, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir:

“Bu, birbaşa genofondun qorunması məsələsidir. Ona görə də qida təhlükəsizliyi son dərəcə ciddi yanaşılmalı olan sahədir. Biz istehlak etdiyimiz qidaların xeyli hissəsini idxal edirik. Avropadan gətirilən məhsulların üzərində diqqət etsəniz, “E” indeksi ilə işarələnmiş əlavələr görərsiniz. Bunlar qida əlavələridir. Normal halda qida kimi istifadə olunmurlar, lakin məhsula rəng, dad, struktur verir, onun stabilliyini və saxlanma müddətini artırırlar. Belə maddələrin mümkün qədər təhlükəsiz olması vacibdir. Bu əlavələrin hamısı “Kodeks Alimentarius”da “E” indeksi və müvafiq nömrə ilə qeyd olunub. Qida rəngləyiciləri də bu əlavələr sırasına daxildir və onların da təhlükəsiz olması əsas şərtdir. Bu gün təəssüf ki, meyvə şirələri və digər oxşar məhsullarla bağlı müəyyən narahatlıqlar mövcuddur. Məhsulların üzərində müvafiq məlumatlar göstərilsə də, onların konsentratdan hazırlandığı və tərkibi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Mən demirəm ki, bu iddiaların hamısı tam həqiqətdir. Ancaq bu cür məlumatlara da biganə yanaşmaq düzgün olmaz”.

Professor imkan olduqca meyvələri təbii, yəni nativ formada qəbul etmək daha məqsədəuyğun olduğunu vurğulayıb:

“Meyvəni bu formada qəbul edə bilməyən şəxslər, məsələn, əməliyyatdan çıxan xəstələr, uşaqlar və digər həssas qruplar üçün isə ən yaxşı seçim təzə meyvədən sıxılmış şirələrdir. Bu, konsentratlardan hazırlanan məhsullardan daha faydalıdır. Konsentratların orqanizmə heç bir mənfi təsiri olmadığını söyləmək doğru olmaz və bu məsələ nəzərə alınmalıdır. Eyni zamanda, istifadə olunan rəngləyicilər “Kodeks Alimentarius”da təsdiqlənmiş siyahıda yer almalıdır. Həmin siyahıda qeyd olunmayan rəngləyici maddələrin qida məhsullarında istifadəsinə yol verilməməlidir”.

Fidan Hacızadə

D
demokrat.az