Azərbaycanda bank kartlarına mədaxil əməliyyatları ilə bağlı limitlərin tətbiqi bəzi vətəndaşları alternativ yollar axtarmağa vadar edə bilər. Belə hallarda şəxslər məhdudiyyəti aşmaq məqsədilə qohumlarının və ya dostlarının adına olan bank kartlarından istifadə edə bilərlər.
Bəs şəxsin öz pulunu başqa birinin adına olan karta köçürməsi hansı hallarda hüquqi məsuliyyət yarada bilər? Bu cür əməliyyatlarda kart sahibini hansı risklər gözləyir və qanunvericilikdə bununla bağlı hansı tələblər nəzərdə tutulur?
Demokrat.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, şəxsi istifadə üçün bir şəxsin adına açılan və ona verilən bank kartlarından istifadə edilməsində, özlüyündə, heç bir problem yoxdur.
Onun sözlərinə görə, bu kartların əsas məqsədi yaxın qohumlardan, ailə üzvlərindən və tanışlardan vəsait qəbul etmək, həmin pulları şəxsi ehtiyaclar üçün istifadə etməkdir:
"Amma təəssüf ki, müşahidələr göstərir ki, bəzi hallarda bu kartlardan fərqli məqsədlərlə də istifadə olunur. Məsələn, mağazalarda, restoranlarda və istirahət mərkəzlərində müştərilər nağdsız ödəniş etmək istədikdə onlara "Kartımıza köçürün", "Kartdan-karta göndərin" deyilir. Bu zaman şəxsi istifadə üçün nəzərdə tutulan kartlar faktiki olaraq kommersiya əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunur.
Burada əsas məsələ ondan ibarətdir ki, əgər bank kartı şəxsi istifadə məqsədilə açılıbsa, ondan niyə biznes fəaliyyəti üçün istifadə edilməlidir? Sahibkarlıq fəaliyyəti çərçivəsində mal və xidmətlərin satışından əldə olunan gəlirlərin şəxsi kartlar vasitəsilə qəbul edilməsi vergi öhdəliklərinin gizlədilməsi və ya vergidən yayınma riski yarada bilər. Təbii ki, hər bir kartdan-karta köçürməni vergidən yayınma kimi qiymətləndirmək olmaz. Burada əməliyyatın məqsədi, xarakteri və mütəmadiliyi nəzərə alınmalıdır.
Bu gün bəzi şəxslərin qohumlarının və tanışlarının adına olan kartlardan istifadə etməsi də diqqət çəkən məqamlardandır. Əgər bir şəxs mütəmadi olaraq müxtəlif şəxslərin kartlarına pul köçürürsə və bu əməliyyatlar kütləvi satışlarla əlaqədardırsa, həmin vəsaitlərin hansı məqsədlə qəbul edildiyi araşdırıla bilər. Çünki şəxsi ehtiyaclar üçün istifadə edilən kartlarla sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan hesablaşmalar arasında fərq var.
Digər tərəfdən, vətəndaşlar öz bank kartlarını başqalarının istifadəsinə verərkən mümkün riskləri də nəzərə almalıdırlar. Həmin kart vasitəsilə hansı məbləğlərin qəbul edildiyini, vəsaitlərin kimlərdən gəldiyini və hansı məqsədlə köçürüldüyünü kart sahibi hər zaman tam şəkildə bilməyə bilər. Sabah pulun qaytarılmaması, vəsaitin itirilməsi və ya tərəflər arasında mübahisə yaranması kimi hallar baş verə bilər. Bu zaman kart sahibi də izahat vermək zərurəti ilə üzləşə bilər.
Ona görə də şəxsi bank kartlarının başqalarına verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunması məsələsinə məsuliyyətlə yanaşmaq lazımdır. Xüsusilə, kartın hansı məqsədlə istifadə edildiyini bilmədən başqasının pul qəbul etməsinə şərait yaratmaq vətəndaş üçün əlavə risklər yarada bilər.
Ümumilikdə, şəxsi kartlardan biznes məqsədilə istifadə edilməsi bəzi hallarda vergidən yayınmaq üçün atılan addımlardan biri ola bilər. Buna görə də bank kartlarından istifadə zamanı şəxsi köçürmələrlə kommersiya əməliyyatlarını fərqləndirmək, qanunvericiliyin tələblərinə əməl etmək və maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək vacibdir".


