Özəl Cəmiyyət

Telefon uşaqlarla valideynlər arasına girir — Açıqlama

Telefon uşaqlarla valideynlər arasına girir — Açıqlama

Müasir dövrdə valideynlərin iş qrafikinin gərgin olması və gün ərzində uzun saatlar işləməsi uşaqlarla ünsiyyətə və birgə vaxt keçirməyə ayrılan müddəti azalda bilər. Bu isə uşaqların emosional vəziyyətinə, psixoloji inkişafına və yaşıdları ilə münasibətlərinə təsirsiz ötüşmür. Valideyn diqqətinin azlığı bəzi uşaqlarda özünəqapanma, aqressiv davranış və ünsiyyət çətinlikləri kimi hallarla müşahidə oluna bilər.

Bəs valideynlərin uşaqlara kifayət qədər vaxt ayıra bilməməsi onların psixoloji inkişafına və sosiallaşmasına necə təsir edir? Bu vəziyyət uşaqlarda hansı davranış dəyişikliklərinə səbəb ola bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, valideynlərin uşaqları ilə saatlarla vaxt keçirməsi vacib deyil.

Telefon uşaqlarla valideynlər arasına girir — Açıqlama

Onun sözlərinə görə, əsas məsələ mövcud vaxtı necə dəyərləndirmələridir:

"Valideyn evdə telefonla keçirdiyi vaxtı övladına ayırmalıdır. Uşağın gününün necə keçdiyi ilə maraqlanmaq, onu dinləmək və problemlərini bölüşməsinə şərait yaratmaq valideyn məsuliyyətidir. Uşağın psixoloji inkişafı diqqət və ünsiyyət tələb edir. Bu ehtiyaclar qarşılanmadıqda uşağın davranışlarında və sosial münasibətlərində problemlər yaranır.

Valideynlər əllərindəki telefonu kənara qoymalı, diqqətlərini tamamilə övladlarına yönəltməli və həftəsonlarını uşaqları ilə birlikdə planlaşdırmalıdırlar. Uşağa bahalı telefon, oyuncaq və hədiyyə almaq valideyn diqqətini əvəz etmir. Valideynlik yalnız maddi təminat deyil, uşağın həyatında iştirak etməkdir. Uşağının gününə vaxt ayırmayan valideyn onun emosional ehtiyaclarını qarşılamır. Uşaqlar valideynlərinin telefonundan sonra gəlməməlidirlər".