Əczaçı Dafne Estevao dərmanların düzgün saxlanılmasının vacibliyini vurğulayaraq onların hamam və mətbəxdə yerləşdirilməsini məsləhət görməyib.
"Terra" nəşrinə danışan mütəxəssisin sözlərinə görə, hamam otağında rütubət və temperaturun tez-tez dəyişməsi, mətbəxdə isə bişirmə zamanı yaranan buxar və istilik dərmanların keyfiyyətinə təsir göstərə bilər.
Əczaçı dərmanları birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaq, quru və uşaqların, eləcə də ev heyvanlarının əli çatmayan şkafda saxlamağı tövsiyə edib.
Bununla yanaşı, bəzi dərmanların soyuducuda saxlanılması tələb oluna bilər. Buna görə preparatların üzərindəki təlimatlara əməl etmək vacibdir.


