Hörmüz boğazında Sinqapur bayrağı altında üzən GFS Pride konteyner gəmisi partlayış və yanğından sonra batıb. Hadisə zamanı gəmidə olan 21 nəfərlik heyət təxliyə edilib, xəsarət alanlar barədə məlumat verilməyib.
Sinqapurun Dəniz və Liman İdarəsinin məlumatına görə, GFS Pride və GFS Giselle gəmiləri oktyabrın 13-ü və 14-də naməlum mərmilərin zərbələrinə məruz qalıb.
İkinci gəminin də gövdəsi zədələnsə də, o, təhlükəsiz əraziyə çatmağı bacarıb. GFS Giselle-də olan 22 nəfərin hamısının vəziyyətinin yaxşı olduğu bildirilir. Hər iki gəminin heyəti arasında Sinqapur vətəndaşları olmayıb.
Qurum regionda ticarət gəmilərinə qarşı hücumlardan narahatlığını ifadə edərək beynəlxalq dəniz hüququna əməl olunmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda dəniz minasının supertankerdə partlayışa səbəb olduğunu açıqlayıb. İran tərəfi son 24 saat ərzində ərazidə üç tankerin minalara düşdüyünü iddia edib.


