Çinin Chery şirkəti Malayziyada arxa oxun yerindən çıxması riski ilə əlaqədar 8 878 ədəd Omoda 5 krossoverini geri çağırıb. Bu, eyni problemlə bağlı model üzrə ikinci geri çağırma qərarıdır.
NTV-nin məlumatına görə, hadisə Malayziyanın Cohor-Bahru şəhərində 2023-cü il istehsalı olan avtomobildə baş verib. Şirkət qəza nəticəsində xəsarət alan olmadığını bildirib.
Aparılan araşdırma zamanı arxa asqının bəzi qaynaq nöqtələrinin kifayət qədər möhkəm olmadığı müəyyənləşdirilib. Bu qüsur ağır şəraitdə arxa oxun yerindən çıxması riskini yarada bilər.
Chery geri çağırılan avtomobillərdə zəruri hissələrin pulsuz dəyişdiriləcəyini açıqlayıb. Şirkət, həmçinin 2023-cü ildə istehsal olunan avtomobillərlə bağlı digər xarici bazarlarda da yoxlamalara başlanıldığını bildirib.
Malayziyanın Yol Nəqliyyatı Departamenti isə texniki araşdırma başa çatanadək Omoda 5 modelinin yeni qeydiyyatını dayandırıb.
Qeyd edək ki, 2024-cü ildə də oxşar problemə görə 600 avtomobil geri çağırılmışdı. Yeni qərar problemin yenidən gündəmə gəlməsi ilə əlaqədardır.


