Britaniyanın məşhur "Top Gear" avtomobil şousu 2027-ci il üzrə illik mükafatın qaliblərini elan edib. Müxtəlif kateqoriyalar üzrə seçilən modellər arasında "McLaren", "Mercedes-Benz", "BMW" və "Hyundai" markalarının avtomobilləri yer alıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Münsiflər heyətinin qərarına əsasən, ilin ən yaxşı avtomobili adına "McLaren W1" layiq görülüb. Təxminən 2 milyon funt sterlinq (təqribən 216 milyon rubl) qiymətində olan model müsabiqənin baş mükafatını qazanıb.
İlin ən dəbdəbəli avtomobili isə "Mercedes-Benz VLE" seçilib. Ekspertlər bu modelin lüks anlayışına fərqli yanaşma gətirdiyini bildiriblər. Avtomobil ənənəvi dəbdəbə elementlərindən daha çox rahatlığa və istifadəçi təcrübəsinə üstünlük verməsi ilə fərqlənib.
Digər kateqoriyalarda da qaliblər müəyyənləşib:
- İlin kiçik avtomobili: "Hyundai Ioniq 3";
- İlin sedanı: tam elektrikli "BMW i3";
- İlin şəhər avtomobili: "Renault Twingo";
- İlin SUV modeli: "BMW X5".
"Renault Twingo" münasib qiyməti ilə diqqət çəkib. Modelin dəyəri 15 min funt sterlinqdən (təxminən 1,6 milyon rubl) aşağıdır. Münsiflər onun həm əlçatan qiymətini, həm də kiçik elektrik avtomobilləri arasında yüksək keyfiyyətini xüsusi vurğulayıblar.
İlin SUV modeli seçilən "BMW X5" isə xarici görünüş baxımından markanın daha kiçik "iX3" modelinə bənzəsə də, innovativ arxitekturası ilə seçilib.



