Müasir avtomobillərdə elektron açarlar yalnız qapıların açılıb-bağlanmasına deyil, həm də mühərrikin işə salınmasına və avtomobilin təhlükəsizlik sisteminin idarə olunmasına xidmət edir. Bu açarların itirilməsi sürücülər üçün təkcə əlavə xərc deyil, həm də texniki və təhlükəsizlik baxımından müəyyən problemlər yarada bilər.
Elektron açarın itirilməsi hansı texniki problemlərə səbəb olur və hansı hallarda təhlükəsizlik sisteminin tam yenilənməsi zərurəti yaranır? Azərbaycanda bu xidmətlərin qiymətləri hansı meyarlar əsasında müəyyənləşdirilir və sürücülər əlavə xərcə düşməmək üçün nələrə diqqət yetirməlidirlər?
Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, elektron açarların hazırlanması avtomobilin markasından və modelindən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, avtomobil alındıqdan sonra yalnız bir açar mövcuddursa, həmin açarın proqram kodunu köçürməklə ehtiyat açar hazırlatmaq məsləhətdir:
"Bəzi avtomobillər yalnız bir açarla satılır. Həmin açar itirildikdə isə sürücü ciddi problemlərlə üzləşə bilər. Avtomobilin qapılarını açmaq və yeni açar hazırlamaq üçün xüsusi ustalar fəaliyyət göstərir. Lakin belə halların harada baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil. Məsələn, sürücü rayonlarda və ya yaşayış məntəqələrindən uzaq ərazidə avtomobilin açarını itirərək köməksiz vəziyyətdə qala bilər.
Ümumiyyətlə, müasir avtomobillərdə təhlükəsizlik sistemləri getdikcə mürəkkəbləşir. Məsələn, son 5-7 ildə istehsal olunan bəzi "Mercedes" modelləri üçün açarı adi qaydada hazırlamaq mümkün deyil. Bunun üçün usta avtomobilin proqram təminatına dair məlumatları istehsalçıdan və ya rəsmi dilerdən əldə etməlidir. Təhlükəsizlik məqsədilə bəzi markalarda bu proses xüsusi qaydada həyata keçirilir.
Digər avtomobillərdə isə proses daha sadədir. Usta mövcud açardan və ya avtomobilin özündən müvafiq kodu əldə edərək yeni açar hazırlaya bilir. Buna görə də əsas tövsiyəm avtomobil alarkən mütləq ehtiyat açarın olub-olmamasına diqqət yetirməkdir. Həmçinin fövqəladə hallar üçün mexaniki açar saxlamaq da vacibdir. Bu, ən azı, elektron açar işləmədikdə avtomobilin qapılarını açmağa imkan verir".
Raqif Raufoğlu qeyd edib ki, müasir avtomobillərin bəzilərində mexaniki açarlar da nəzərdə tutulmur:
"Buna görə də ehtiyat tədbirlərini əvvəlcədən görmək lazımdır. Bununla yanaşı, yeni nəsil avtomobillərdə alternativ imkanlar da mövcuddur. Məsələn, bəzi Çin avtomobillərini mobil telefon vasitəsilə idarə etmək mümkündür. Hətta müəyyən modellərdə Wi-Fi bağlantısı üzərindən uzaqdan idarəetmə funksiyası da var. Sürücü avtomobili mobil telefonuna qoşaraq müəyyən funksiyaları məsafədən idarə edə bilir. Avtomobillərin texniki və təhlükəsizlik sistemləri fərqli olduğuna görə açarların hazırlanması və ehtiyat açarın təmin edilməsi məsələsinə də markadan və modeldən asılı olaraq yanaşmaq lazımdır".



