YapiKredi Müraciət Forması
Mazda CX-5
İqtisadiyyat Özəl

Birjalarda kəskin eniş: Müvəqqəti dalğalanma, yoxsa böyük böhranın başlanğıcı?

Birjalarda kəskin eniş: Müvəqqəti dalğalanma, yoxsa böyük böhranın başlanğıcı?

Dünya səhm bazarlarında son günlər müşahidə olunan kəskin eniş investorlar arasında narahatlığı artırıb. Süni intellekt və texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsi, ABŞ-ın faiz siyasəti ilə bağlı gözləntilər və yeni ticarət məhdudiyyətləri qlobal maliyyə bazarlarına təzyiq göstərir. Bazarlarda yaranan qeyri-müəyyənlik investorların investisiya qərarlarına da təsir edir.

Dünya səhm bazarlarında baş verən enişin əsas səbəbləri nədir? Bu, müvəqqəti dalğalanmadır, yoxsa qlobal iqtisadiyyatda daha ciddi problemlərin başlanğıcıdır? Eniş davam edərsə, investorları və dünya iqtisadiyyatını hansı risklər gözləyir?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, dünya səhm bazarlarında son günlər müşahidə olunan eniş bir neçə amilin üst-üstə düşməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, əsas səbəblər arasında ABŞ-ın yeni gömrük tarifləri ilə bağlı qərarları, qlobal ticarət müharibəsi risklərinin artması, inflyasiya təzyiqləri, faiz dərəcələrinin yüksəldilməsi ilə bağlı gözləntilər və süni intellekt şirkətlərinin səhmlərinin həddindən artıq bahalaşması ilə bağlı narahatlıqlar yer alır:

"Hazırkı mərhələdə bu prosesi qlobal iqtisadi böhranın başlanğıcı kimi qiymətləndirmək tezdir. Düşünürəm ki, bazarlardakı enişin müəyyən hissəsi investorların riskləri yenidən dəyərləndirməsi və əvvəlki dövrdə əldə etdikləri gəlirləri reallaşdırması ilə bağlıdır. Bununla belə, enişin uzun müddət davam etməsi daha ciddi iqtisadi problemlərə yol aça bilər. Mənfi dinamika davam edərsə, ilk növbədə investorların aktivlərinin dəyərində azalma, şirkətlərin maliyyələşmə imkanlarının məhdudlaşması, investisiya fəallığının zəifləməsi və istehlak xərclərinin azalması müşahidə oluna bilər. Hazırda investorlar üçün əsas risk inflyasiyanın yüksək səviyyədə qalması fonunda mərkəzi bankların faiz dərəcələrini artırmaq məcburiyyətində qalmasıdır. Nəticə etibarilə, qarşıdakı dövrdə bazarların istiqaməti inflyasiyanın dinamikasından, ABŞ-ın ticarət siyasətindən, geosiyasi vəziyyətdən və şirkətlərin maliyyə nəticələrindən asılı olacaq. Mövcud vəziyyət ciddi risk siqnalları yaratsa da, düşünürəm ki, bunun qlobal iqtisadi böhrana çevrilməsi hələlik qaçılmaz görünmür.

Reuters-in noyabrın 25-də yaydığı məlumata görə, ABŞ-ın yeni tarifləri və texnologiya şirkətlərinin səhmlərindəki zəifləmə qlobal bazarlara təzyiq göstərir. Avropa Mərkəzi Bankı da geosiyasi riskləri, inflyasiyanı və süni intellekt sektorunda şirkətlərin həddindən artıq yüksək qiymətləndirilməsini maliyyə sabitliyi üçün potensial risklər sırasında göstərir".

Nuray Paşşanlı

Editor
Redaktor