Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda bu il nikah potensialına malik şəxslərin təxminən yarısı evlənməyib. Onun sözlərinə görə, bu il ölkədə 20-25 yaş aralığında nikah potensialına malik 175 min gənc var. Bu göstərici əsasında təxminən 75-80 min nikahın qeydə alınması gözlənilirdi. Lakin 10 ay ərzində Azərbaycanda cəmi 31 min nikah bağlanıb. İlin sonuna qədər ən yaxşı halda daha 10 min nikahın qeydə alınacağı ehtimal olunur. Beləliklə, il ərzində ümumilikdə təxminən 40 min nikahın rəsmiləşəcəyi gözlənilir. Bu isə nikah potensialının təxminən yarısına bərabərdir.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında gənclərin problemlərinin kifayət qədər böyük olduğunu bildirib.
Onun sözlərinə görə, bu məsələlər mütləq həllini tapmalıdır:
"Gənclərin ailə qurması üçün müəyyən şərtlər, imkanlar olmalıdır. Maddi hazırlığı olmayan gənclər ailə qurmağa necə əlçatan yanaşa bilərlər? Bu, mümkün deyil. Ona görə də çalışmalıyıq ki, gənclərin həm ipoteka imkanları artsın, həm də işsizlik problemi aradan qalxsın. Burada əsas problemlərdən biri məhz işsizlikdir. Sabit maaşı olan gənc ailə qurmaq barədə düşünür və bu qərarı daha rahat verir. Sabit gəliri olmayan gənc isə bəlkə gələn il, bəlkə də iki il sonra vəziyyətinin düzələcəyinə ümid edərək bu qərarı təxirə salır. Qızlar da eyni problemlərlə üzləşirlər".
Deputat vurğulayıb ki, bu məsələdə ciddi narahatlıq keçirməli, çalışmalıyıq ki, mövcud problemlərin həllinə nail olaq:
"Əks halda, 20-25 yaşlı bu qədər gəncin ailə qura bilməməsi ciddi demoqrafik problemə çevrilə bilər. Əli Əhmədovun, Milli Məclis sədrinin hörmətli birinci müavininin bu məsələni ictimai narahatlıq doğuran problem kimi gündəmə gətirməsi də əslində təsadüfi deyil. Hər halda, 175 min gənc kifayət qədər böyük rəqəmdir. Bu məsələni mütləq müzakirə etməli, problemin həlli istiqamətində müəyyən addımlar atmalıyıq".



