Alimlər zədələnmiş diş minasını bərpa etməyə kömək edə biləcək yeni gel hazırlayıblar. Yeni texnologiya dişlərin qoruyucu qatının yenidən formalaşmasına, həssaslığın azalmasına və gələcəkdə diş çürüməsi riskinin aşağı salınmasına imkan yarada bilər.
Demokrat.az xəbər verir ki, araşdırma İngiltərənin Nottingem Universitetinin alimləri tərəfindən aparılıb.
Tədqiqatçılar tərəfindən hazırlanan gel diş minasının təbii formalaşma prosesini təqlid edən zülal əsaslı materialdan ibarətdir. Ənənəvi diş müalicələrindən fərqli olaraq, bu məhsulun tərkibində flüor yoxdur.
Gel dişin səthinə tətbiq edildikdən sonra nazik və davamlı örtük əmələ gətirir. Bu örtük dişlərdəki mikroskopik çatları və boşluqları dolduraraq bərpa prosesi üçün əsas yaradır.
Maraqlıdır ki, material bu proses zamanı insan tüpürcəyində təbii şəkildə mövcud olan kalsium və fosfat minerallarından istifadə edir. Həmin mineralların köməyi ilə yeni mineral kristalları formalaşır və mövcud diş minasının quruluşuna uyğun şəkildə inkişaf edir.
Alimlərin sözlərinə görə, yeni üsul yalnız mina zədələnməsinin bərpasına deyil, diş həssaslığının azaldılmasına da kömək edə bilər. Belə ki, diş minasının aşınması və ya diş ətinin çəkilməsi nəticəsində ortaya çıxan dentin təbəqəsi isti, soyuq, şirin və turş qidalara qarşı həssas olur. Yeni gel həmin sahədə mina bənzəri mineral qatın yaranmasını təşviq edə bilər.
Tədqiqat zamanı laboratoriya şəraitində bərpa edilmiş diş toxumasının mexaniki xüsusiyyətləri də yoxlanılıb. Nəticələr göstərib ki, yeni formalaşan qatın xüsusiyyətləri sağlam diş minasına yaxın olub. Sınaqlar zamanı dişlərin fırçalanması, çeynəmə və turş qidalarla təmas kimi gündəlik təsirlər də nəzərə alınıb.
Araşdırmaya rəhbərlik edən professor Alvaro Mata bildirib ki, texnologiya həm stomatoloqların, həm də pasiyentlərin istifadəsi nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, gelin tətbiqi asandır və gələcəkdə müxtəlif stomatoloji məhsulların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatçılar yeni texnologiyanın kommersiyalaşdırılması istiqamətində də işlərə başlayıblar. Bunun üçün Mintech-Bio adlı startap şirkəti yaradılıb.
Bununla belə, yeni gelin insanlarda uzunmüddətli effektivliyi hələ tam təsdiqlənməyib. Hazırda əldə olunan nəticələr laboratoriya sınaqlarına əsaslanır və metodun geniş tibbi istifadəyə verilməsi üçün əlavə klinik araşdırmalara ehtiyac var.



