Gündəlik gəzinti sağlamlıq üçün faydalı hesab edilsə də, onun hansı formada həyata keçirilməsi də mühüm əhəmiyyət daşıya bilər. Yeni araşdırma göstərib ki, eyni müddətdə gəzmək əvəzinə fiziki aktivliyi gün ərzində qısa fasilələrə bölmək qan şəkərinin tənzimlənməsinə daha müsbət təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, ABŞ və Fransa alimlərinin apardığı araşdırmada uzun müddət oturaq həyat tərzi keçirən insanların fiziki aktivlik rejimi müqayisə edilib.
Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan, gün ərzində altı saatdan çox oturan 30 nəfər iştirak edib. Onlar altı həftə ərzində həftədə beş gün, gündə 45 dəqiqə sürətli templə gəzməli olublar.
İştirakçılar iki qrupa bölünüb. Birinci qrup 45 dəqiqəlik gəzintini fasiləsiz həyata keçirib. İkinci qrup isə bu müddəti gün ərzində təxminən beş dəqiqəlik qısa gəzintilərə bölüb.
Araşdırmanın nəticələri ikinci qrupda qan şəkərinin tənzimlənməsi baxımından daha müsbət dəyişikliklər olduğunu göstərib.
Tədqiqatçılar müəyyən ediblər ki, qısa gəzintilərə üstünlük verən iştirakçıların qan şəkəri səviyyəsi daha sabit olub. Onların qan şəkərinin sağlam hesab edilən diapazonda qaldığı müddət 82 faizdən 94 faizə yüksəlib. Davamlı 45 dəqiqə gəzən qrupda isə bu göstərici 89 faizdən 80 faizə düşüb.
Alimlərin fikrincə, gün ərzində mütəmadi hərəkət etmək əzələlərin qlükozadan istifadə etməsinə kömək edir. Beləliklə, uzun müddət oturmağın yaratdığı mənfi təsirlərin bir hissəsini azaltmaq mümkün ola bilər.
Araşdırmanın müəlliflərindən biri, fizioloq Odri Berquinyon bildirib ki, fiziki aktivliyin yalnız ümumi müddətinə deyil, gün ərzində necə bölüşdürülməsinə də diqqət yetirilməlidir. Onun sözlərinə görə, uzun müddət oturmağı qısa gəzintilərlə mütəmadi olaraq dayandırmaq xüsusilə 2-ci tip diabet riski olan insanlar üçün əlavə fayda verə bilər.
Bununla belə, alimlər araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu vurğulayırlar. Belə ki, tədqiqatda cəmi 30 nəfər iştirak edib və müşahidələr yalnız altı həftə davam edib. Həmçinin hər iki qrupda insulinə həssaslığın nəzərəçarpacaq dərəcədə yaxşılaşması qeydə alınmayıb.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr qısa gəzintilərin diabetin qarşısını mütləq aldığını sübut etmir. Bu üsulun uzunmüddətli təsirlərini müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac var.



