Azərbaycanda mikro sahibkarların kiçik sahibkarlıq kateqoriyasına keçidini stimullaşdırmaq üçün yeni vergi güzəşti təklif olunur. Dəyişikliyə əsasən, müəyyən şərtlərlə sahibkarlara əvvəlki il ödədikləri vergilərin 100 faizi həcmində güzəşt verilə bilər.
Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu təşəbbüsü iqtisadi baxımdan müsbət qiymətləndirmək mümkündür:

"Azərbaycanda kiçik biznesin inkişafına mane olan əsas amillərdən biri məhz vergi yükünün ağırlığıdır. Sahibkarlıq subyektinin fəaliyyət həcmi artdıqca vergi yükü də yüksəlir. Amma burada iki vacib məqam var. İlk növbədə, sahibkara əvvəlki il ödədiyi vergilər həcmində güzəşt verilməsi onun gələcəkdə üzləşəcəyi vergi yükünün tamamilə aradan qaldırılması demək deyil. Təklifin faktiki nəticəsi güzəştin hansı vergilərə, hansı müddətə və hansı şərtlərlə tətbiq olunacağından asılıdır.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, güzəşt əvvəlki ildə ödənilmiş iki vergi növünə sadələşdirilmiş vergi, eləcə də gəlir və mənfəət vergisinə şamil olunacaq. Təşəbbüsün əsas müsbət tərəfi ondan ibarətdir ki, mikro sahibkar kiçik sahibkarlıq kateqoriyasına keçdikdən sonra əvvəlki ildə ödədiyi verginin 100 faizi həcmində güzəşt əldə edə biləcək. Bu isə onun vergi öhdəliklərinin azalmasına səbəb ola bilər.
Məsələn, mikro sahibkar 2026-cı ildə 2000 manat mənfəət vergisi ödəyir. 2027-ci ildə dövriyyəsi 200 min manat həddini keçərək kiçik sahibkarlıq kateqoriyasına daxil olarsa və həmin il üzrə vergi öhdəliyi 1500 manat təşkil edərsə, bu məbləğ əvvəlki ildən yaranan güzəşt hesabına qarşılanacaq. Qalan 500 manat isə növbəti illərə keçiriləcək. Bu baxımdan təşəbbüs sahibkarların vergi yükünün azaldılması, kiçik bizneslərin dövriyyəsini genişləndirməsi, yeni iş yerlərinin yaradılması və istehsal sahələrinin inkişafı üçün marağın artırılması baxımından müsbət addımdır.
İlk baxışdan bunu iqtisadi cəhətdən faydalı təşəbbüs kimi qiymətləndirmək olar. Lakin bir məqamı da unutmaq olmaz ki, bu güzəşt vergi yükünün birdəfəlik və ya daimi şəkildə aradan qaldırılması demək deyil. Söhbət əvvəlki ildə ödənilmiş vergilər hesabına növbəti illərin vergi öhdəliklərinin kompensasiya edilməsindən gedir.
İqtisadçı əlavə edib ki, kiçik sahibkarların vergi borcunun artıq 4 milyard manata yaxınlaşdığını və bu yükün ildən-ilə ağırlaşdığını nəzərə almaq lazımdır:
"Hökumət əvvəlki ildə ödənilmiş vergilər hesabına gələcək öhdəliklərin kompensasiya edilməsi mexanizmi ilə həm sahibkarların vergi yükünü müəyyən qədər azaltmağı, həm də gələcək illər üçün stimullaşdırıcı addımlar atmağı hədəfləyir.
Fikrimcə, təklifin effektivliyi onun digər iqtisadi şərtlərlə tamamlanmasından da asılıdır. Azərbaycanda mikro biznesin böyüməsinə mane olan yeganə amil vergi yükü deyil. Burada yüksək faizli kreditlər, lisenziya və digər icazələr üçün tələb olunan ödənişlərin çoxluğu, satış bazarları ilə bağlı problemlər, regionlarda əhalinin alıcılıq qabiliyyətinin zəifliyi və inzibati prosedurlar da mühüm rol oynayır. Bütün bunlar kompleks şəkildə mikro bizneslərin inkişafına mane olur.
Məsələn, illik dövriyyəsi 200 min manata yaxınlaşan kiçik bir mağazanın fəaliyyətini genişləndirməsi, əlavə işçi götürməsi və ya daha böyük obyekt icarəyə götürməsi üçün mal ehtiyatlarını artırması lazımdır. Lakin bunun üçün verilən vergi güzəşti kifayət etmir. Sahibkarın mal ehtiyatlarını artırması, yeni obyekt icarəyə götürməsi və fəaliyyətini genişləndirməsi üçün maliyyə resurslarına daha asan çıxışı təmin olunmalıdır.
Təklifin ən mühüm iqtisadi əhəmiyyəti sahibkara biznesini böyütməyin cəzalandırılan deyil, əksinə, mükafatlandırılan proses olduğunu göstərməkdir. Sahibkar fəaliyyətini genişləndirdiyinə görə gələcəkdə daha ağır vergi yükü ilə üzləşəcəyindən ehtiyat etməməli, əksinə, böyümək üçün əlavə stimullar əldə etməlidir.
Vergi güzəştləri biznesin inkişafı üçün stimul yaradan amildir, lakin onun böyüməsini təmin edən yeganə vasitə deyil. Bunun üçün qeyd etdiyimiz digər iqtisadi şərtlər də formalaşdırılmalıdır. Bu, həm kiçik sahibkarların vergi yükünün müəyyən qədər azaldılmasına, həm də onların mövcud vergi borcları ilə bağlı vəziyyətinin yüngülləşdirilməsinə xidmət edə bilər. Eyni zamanda, gələcəkdə biznesini genişləndirəcəyi təqdirdə vergi yükünün artacağı ilə bağlı sahibkarlarda yaranan narahatlığı azalda bilər. Bu isə iqtisadi artım və inkişaf üçün vacib şərtlərdən biridir. Ancaq biznesin böyüməsini təmin edən yeganə faktor deyil".



