"Son vaxtlar Azərbaycanda bir sıra iqtisadi problemlərin həllinin insanların üzərinə qoyulması ilə bağlı təkliflər səsləndirilir. Mən bu təklifi də həmin qəbildən olan təklif hesab edirəm. Dünyanın əksər ölkələrində bu cür sosial təminatlar dövlət tərəfindən qarşılanır. Xüsusilə, təhsil kreditləri vasitəsilə maddi imkanı olmayan uşaqların təhsil almasına şərait yaradılır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sədrin sözlərinə görə, alimentin 18 yaşınadək müəyyən edilməsinin səbəbi onun uşağın böyüməsinə və inkişafına xidmət edən valideyn dəstəyi olmasıdır:
"18 yaşından sonra hər bir insan müstəqil işləyə, özünü saxlaya və təmin edə bilər. Bu səbəbdən, 18 yaşından sonra təhsil alıb-almamasından asılı olmayaraq, şəxs müstəqil fəaliyyət göstərən vətəndaş statusu qazanır və öz həyatına görə məsuliyyət daşıyır. Bu, müxtəlif təhsil müəssisələrində oxuyan şəxslərə də aiddir. Əgər təhsil alan şəxslərə alimentin ödənilmə müddətinin uzadılması barədə qərar qəbul edilsə, aliment alan uşaqlar arasında qeyri-bərabərlik yaranar. Bu da Azərbaycan Konstitusiyasında nəzərdə tutulan qanun qarşısında bərabərlik prinsipinin pozulması deməkdir".
Sərdar Cəlaloğlu qeyd edib ki, Məlahət İbrahimqızı bu cür xüsusi qrupa daxil olan uşaqların təhsil haqlarının dövlət tərəfindən qarşılanmasını, təhsil haqqından azad edilməsini və ya onlara uzunmüddətli təhsil kreditlərinin verilməsini təklif etsə, daha məqsədəuyğun olar:
"Həmin uşaqlar universiteti bitirdikdən sonra işləyərək krediti tədricən geri qaytara bilərlər. Yoxsa bu cür konstitusiyaya zidd təkliflərin səsləndirilməsi onu göstərir ki, Azərbaycan qanunvericiliyində təmsil olunan şəxslərin bir çoxu Konstitusiyanın müddəalarını ya bilmir, ya da onların mahiyyətini anlamaq istəmir. Halbuki Konstitusiyanın 72-ci maddəsində hər hansı ad altında konstitusion hüquqların məhdudlaşdırılması qadağan edilir. Qanun qarşısında bərabərlik də bütün vətəndaşların hüququdur. Ola bilməz ki, bir uşağa 18 yaşına qədər atası tərəfindən aliment ödənilsin, digər uşağa isə universitetdə oxuduğuna görə 23 yaşına qədər aliment verilsin. Bu, eyni zamanda, valideynlərin hüquqlarının da pozulmasıdır. Çünki valideynlərin övladları qarşısında öhdəliyi 18 yaşında başa çatır. 18 yaşında insan ailə qura, müstəqil həyata başlaya bilər.
Məsələn, Avropa ölkələrində 16-17 yaşından sonra gənclərin bir qismi ümumiyyətlə ailəni tərk edir. Hətta inkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində "gənclər evləri" adlanan yaşayış yerləri var. Həmin evlərdə birotaqlı mənzillər olur. Gənclər valideynlərindən ayrılaraq bu mənzillərdə yaşayır və müstəqil həyata alışırlar. Mənzillər onlara çox ucuz qiymətə verilir. Gənclər orada tək yaşayır, işləyir və öz həyatlarını qururlar. Hətta Amerikada azyaşlı uşaqların bir neçə saatlıq əmək fəaliyyətinə cəlb edildiyini görmüşəm. Belə uşaqların arasından sonradan milyarderlər, milyonerlər də çıxıb. Yəni erkən yaşlarından əmək fəaliyyətinə başlayan uşaqlar arasında sonradan böyük uğurlar qazanan, nəhəng sərvət sahibi olan insanlar yetişib. Ona görə də biz uşaqlarımızı ələbaxanlığa öyrətməməliyik. Təhsil alan uşaqlar öz təhsil xərclərini qarşılamaq üçün müəyyən yollar tapmalıdırlar.
Məsələn, dövlət həmin uşaqlara təhsillərinə mane olmayacaq iş imkanları təklif edə bilər. Onlar evdən işləyə və ya təhsil aldıqları universitetdə müəyyən işlərə cəlb oluna bilərlər. Biz, əlbəttə, bu uşaqların təhsil almasına hər cür yardım etməli, onların da digər uşaqlar kimi təhsil hüquqlarından yararlanmalarına dəstək göstərməliyik. Amma bu dəstəyin valideynlərin hesabına təmin edilməsi tamamilə düzgün deyil. Eyni zamanda, digər uşaqlarla müqayisədə də qeyri-bərabərlik yaranır. Məsələn, bir atanın iki uşağı var, uşaqlardan biri universitetdə oxuyur, digəri isə oxumur. Bu halda birinci uşağa aliment ödəniləcək, ikinciyə isə yox. Bütün bunlar qanuna zidd təkliflərdir. Düşünürəm ki, belə təkliflər qəbul olunmayacaq".
Qeyd edək ki, deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsini təklif edib.
O bildirib ki, valideynlərini və ya valideynlərindən birini itirmiş, digər valideyni isə əlilliyi olan uşaqlara dövlət büdcəsindən verilən müavinət ali məktəbdə təhsil aldıqları halda 23 yaşınadək davam etdirilir.
"Amma ailədə nikah pozulduğu halda valideynlər alimenti 18 yaşadək ödəyirlər. Övlad hətta ali məktəbdə oxuduğu halda belə, ona aliment verilmir. Bu məsələ yalnız könüllü qaydada həll oluna bilər", – deyə deputat bildirib.



