Çinin BYD şirkətinin istehsalı olan YangWang U9 Xtreme elektromobili sürət rekordu müəyyənləşdirib. Avtomobil saatda 503,17 kilometr sürətə çataraq 500 km/saat həddini aşan tarixdə ilk seriyalı model olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Forbes Bosnia and Herzegovina" məlumat yayıb.
Rekord noyabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə qapalı avtomobil yolunda qeydə alınıb. Bununla da elektromobil 2025-ci ilin sentyabrında Almaniyanın Papenburq sınaq poliqonunda əldə etdiyi 496,22 km/saatlıq əvvəlki nəticəsini yeniləyib.
YangWang U9 Xtreme hər təkər üçün ayrıca olmaqla dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib. Mühərriklərin fırlanma sürəti dəqiqədə 30 min dövrə çatır. 1200 voltluq elektrik arxitekturası üzərində qurulan avtomobilin ümumi gücü 2220 kilovatı, yaxud təxminən 3000 at gücünü ötür. Bu göstərici modelin standart versiyasından iki dəfədən çox yüksəkdir.
Cəmi 30 ədəd istehsal ediləcək
Avtomobilin texniki göstəriciləri ilə yanaşı, qiyməti də diqqət çəkir. BYD-nin brend və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Li Yunfeyin açıqlamasına görə, YangWang U9 Xtreme-in bir nüsxəsinin qiyməti 20 milyon yuanı (təxminən 2,73 milyon avro) ötür. Modeldən dünya üzrə cəmi 30 ədəd istehsal olunacaq.
Avtomobilin ilk alıcısı isə Avstraliyadan olan müştəridir.
Məlumata görə, layihənin əsas məqsədi BYD üçün yüksək gəlir əldə etmək deyil. Şirkət bu avtomobillə elektrik mühərrikləri və akkumulyator texnologiyaları sahəsində mühəndislik imkanlarını nümayiş etdirməyi hədəfləyir.
Bundan başqa, BYD-nin Formula-1-ə qoşulmaq niyyətində olduğu da bildirilir. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem Çin şirkətinin və Geely istehsalçısının Formula-1-də iştirakla bağlı quruma müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, BYD-yə mövcud komandalardan birini almaq təklif edilsə də, şirkət öz komandasını yaratmaqda maraqlıdır.



