YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto Özəl

"Zapravka"da benzin əvəzinə dizel vurdular — Nə etməliyəm?

Zapravkada benzin əvəzinə dizel vurdular — Nə etməliyəm?

Bəzi hallarda yanacaqdoldurma məntəqələrində səhvən maşınlara dizel əvəzinə benzin, və ya əksinə, bir sözlə, uyğun olmayan yanacaq vurulur. Yanacağın yanlış növünün avtomobilə doldurulması isə mühərrikdə ciddi problemlərə və maddi ziyana səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, benzinlə işləyən avtomobilə dizel yanacağının vurulması mühərrikdə ciddi problemlərə səbəb ola bilər. Çünki benzin və dizel mühərriklərinin iş prinsipi, yanacağın alışma mexanizmi və sistemin quruluşu fərqlidir. Bu səbəbdən yanlış yanacağın istifadəsi avtomobilin normal işləməsini poza, yanacaq sisteminə və mühərrikə zərər verə bilər. Benzin mühərriklərində yanacaq hava ilə qarışdırılaraq şam vasitəsilə alışdırılır. Dizel mühərriklərində isə yanacaq yüksək təzyiq altında silindrlərə püskürdürülür və sıxılmış, yüksək temperaturda olan hava ilə təmas nəticəsində alışır. Dizel yanacağı benzindən daha ağır olduğuna, fərqli özlülük və buxarlanma xüsusiyyətlərinə malik olduğuna görə benzin mühərrikinin yanma sistemində nəzərdə tutulan qaydada işləməyə bilər.

Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında söyləyib ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır:

Zapravkada benzin əvəzinə dizel vurdular — Nə etməliyəm?

"Vətəndaş istənilən halda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. Agentlik həmin yanacaqdoldurma məntəqəsinə cərimə və ya digər sanksiyalar tətbiq edə bilər. Eyni zamanda, avtomobilin sürücüsü məhkəməyə də müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Maddi zərər dedikdə, yanlış yanacaq vurulması nəticəsində avtomobilin mühərrikinə və ya digər hissələrinə dəyən ziyanın qarşılanmasını nəzərdə tuturuq. Mənəvi zərərə isə sürücünün keçirdiyi stress, sarsıntı, narahatlıq və vaxt itkisi kimi hallar daxildir. Vətəndaş bu zərərlərin də kompensasiya edilməsini tələb edə bilər".

Qeyd edək ki, benzin əvəzinə dizel vurulduqda avtomobilin mühərriki işə düşməyə bilər. Əgər avtomobil artıq işə salılıbsa, mühərrikdə titrəmə, qeyri-sabit işləmə, gücün azalması, tüstülənmə, səsin dəyişməsi və hərəkət zamanı qəfil dayanma kimi hallar yarana bilər. Dizel yanacağının yanma prosesi benzin mühərrikinin sisteminə uyğun olmadığından şamların, injektorların və digər yanacaq sistemi komponentlərinin işinə mənfi təsir göstərə bilər.

Yanlış yanacağın vurulması yanacaq sisteminin çirklənməsinə, filtrlərin və injektorların işinin pozulmasına, bəzi hallarda isə əlavə təmir xərclərinin yaranmasına səbəb ola bilər. Zərərin miqyası avtomobilin modelindən, mühərrikin quruluşundan, vurulan dizel yanacağının miqdarından və avtomobilin bu yanacaqla nə qədər işlədiyindən asılıdır. Bəzi hallarda problem yanacağın boşaldılması və sistemin təmizlənməsi ilə aradan qaldırıla bilər. Lakin avtomobil yanlış yanacaqla işlədildikdə daha ciddi nasazlıqlar yarana bilər.

Belə halla qarşılaşan sürücü dizel yanacağının vurulduğunu avtomobili işə salmazdan əvvəl aşkar edərsə, mühərriki işə salmamalıdır. Avtomobil artıq işə salılıbsa, təhlükəsiz yerdə dayandırılmalı və mühərrik söndürülməlidir. Hərəkətə davam etmək yanlış yanacağın sistemə yayılmasına və nasazlığın ağırlaşmasına səbəb ola bilər. Bu halda avtomobilin evakuator vasitəsilə servisə aparılması, yanacağın çəndən boşaldılması, sistemin yoxlanılması və zərurət yarandıqda təmizlənməsi tövsiyə olunur. Yanacağın yanlış vurulması hər zaman mühərrikin sıradan çıxması demək deyil. Lakin problemin vaxtında aşkarlanması və avtomobilin düzgün müdaxilə ilə yoxlanılması mümkün daha böyük zərərin qarşısını almaq baxımından vacibdir.