YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Brokoli, yoxsa gül kələmi: Hansı tərəvəz ürək sağlamlığı üçün daha faydalıdır?

Brokoli, yoxsa gül kələmi: Hansı tərəvəz ürək sağlamlığı üçün daha faydalıdır?

Dietoloq Mişel Rutenşteyn brokoli və gül kələminin sağlamlıq üçün faydalarını müqayisə edib.

Demokrat.az xəbər verir ki, mütəxəssis bu tərəvəzlərin xüsusiyyətləri barədə "Eating Well" nəşrinə danışıb.

Dietoloqun sözlərinə görə, həm brokoli, həm də gül kələmi tərkibindəki lif, kalium, C vitamini və təbii bitki birləşmələri – qlükozinolatlar sayəsində ürək sağlamlığı üçün faydalıdır.

Rutenşteyn bildirib ki, liflə zəngin qidaların çox istehlak edilməsi qan təzyiqinin aşağı düşməsinə və orqanizmdə iltihabın azalmasına kömək edir.

Bununla yanaşı, brokolinin tərkibində qlükorafanin adlı bitki birləşməsi var. Orqanizm bu maddəni sulforafana çevirə bilir. Alimlərin ehtimallarına görə, sulforafan damar sağlamlığına müsbət təsir göstərə bilər.

Brokoli həmçinin antioksidant xüsusiyyətlərə malik beta-karotinin mənbəyidir. Bu maddə orqanizmi oksidləşdirici zədələnmələrdən qorumağa və iltihabı azaltmağa kömək edir.

Lakin dietoloq bəzi insanlara brokolini həddindən artıq istehlak etməməyi tövsiyə edib. Belə ki, bu tərəvəz K vitamini ilə zəngindir. Onun yüksək miqdarda qəbulu qan durulaşdırıcı preparatlardan istifadə edən insanlar üçün problem yarada bilər.

Gül kələminin xüsusiyyətlərindən danışan mütəxəssis isə onun brokoli ilə müqayisədə daha az kalorili olduğunu vurğulayıb.

Dietoloq tədqiqatların nəticələrinə istinad edərək, xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin və gül kələminin qarışığının istehlakının yeməkdən sonra qanda şəkərin səviyyəsini və sistolik qan təzyiqini azaltmağa kömək etdiyini bildirib.

"Bu, vacibdir. Çünki qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksək olması ürək xəstəlikləri riskini artıra, oksidləşdirici stressə, iltihaba və qan damarlarının zədələnməsinə səbəb ola bilər", – deyə Rutenşteyn əlavə edib.

NE
Nihadə Eyyubova