Saatlı rayonunda 66 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Əfsən Saatlı rayonunun kəndlərindən birində yerləşən özünə məxsus fərdi yaşayış evinin zalında həyat yoldaşı Kifayət (adlar şərtidir – red.) ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Mübahisə zamanı Əfsən bir əli ilə Kifayətin çənə nahiyəsindən tutub, digər əli ilə yumruqla onun baş nahiyəsinə zərbələr endirib. Daha sonra qadının başını divara vuraraq ona xəsarətlər yetirib.
Əfsən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.
Saatlı Rayon Məhkəməsinin qərarı ilə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Əfsən barəsində cinayət təqibinə xitam verilib.
Fariz Məlikli



