YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Arvadım verdiyim 15 manatı bəyənmədi deyə başına telefon çırpdım — Məhkəmə

Arvadım verdiyim 15 manatı bəyənmədi deyə başına telefon çırpdım — Məhkəmə

Sumqayıt şəhərində 39 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tacəddin həmin qəsəbədə yerləşən fərdi evdə keçmiş həyat yoldaşı Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında qadının təşəbbüsü ilə başlayan mübahisə zamanı Tacəddin Süsənin sağ göz nahiyəsinə yumruqla, baş nahiyəsinə isə özünə məxsus "Redmi" markalı mobil telefonla zərbələr endirərək ona xəsarət yetirib.

Tacəddin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Süsənlə 2019-cu ildə ailə qurub və nikahdan 2020 və 2022-ci il təvəllüdlü iki azyaşlı uşaqları var:

"Problemlərə görə spirtli içki qəbul etdiyimdən tez-tez aramızda mübahisələr olurdu. 2023-cü ildə rəsmi şəkildə boşandıq. Məlum hadisə günü Süsənin yaşadığı evə getdim. Hamamda çimib çıxdıqdan sonra Süsənə 15 manat verdim. Süsən mənimlə pulu az verdiyimə görə mübahisə etdi.

Aramızda mübahisə yarandı. Süsənə birlikdə ailə kimi yaşamağı təklif etsəm də, razılıq vermədi. Həmin vaxt içkili olduğum üçün əsəbləşdim və yumruqla onun sol gözünə zərbə vurdum. Üzərimə gəldiyi üçün qollarından tutaraq onu itələdim. Telefonla bir neçə dəfə baş nahiyəsindən zərbələr vurdum. Zərbələrin təsirindən telefonun arxa hissəsi və ekranı sındı.

Süsən polisə zəng etdiyi üçün yenidən ona bir neçə dəfə telefonla zərbə vurdum. Sonra polislərin gəlməsindən qorxduğum üçün evdən getdim".

Təqsirləndirilən şəxs deyib ki, hazırda digər nikahından da iki övladı olmaqla, ümumilikdə dörd azyaşlı uşağı var və həmin uşaqlara aliment verir.

İş üzrə zərərçəkmiş Süsən ifadəsində bildirib ki, Tacəddin daim spirtli içki qəbul edərək evdə dava saldığı üçün 2023-cü ildə ondan rəsmi şəkildə boşanıb:

"Əvvəllər də məni döydüyü üçün ondan şikayət etmişəm, məhkəmədə işlərimiz olub. Məlum hadisə günü axşam saatlarında Tacəddin yaşadığım evə gəldi. Alimenti vermək üçün gəldiyini deyərək içəri keçdi. Sonra hamamda çimməyə icazə verməyimi xahiş etdi.

Hamamdan çıxdıqdan sonra Tacəddin aliment verdiyi üçün məndən yenidən ailə kimi bir yerdə yaşamağı tələb etdi. Lakin onunla razılaşmadım. Ondan evdən getməsini tələb etdim. Buna görə aramızda mübahisə yarandı.

Tacəddin yumruqla gözümdən vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Sonra telefonla baş nahiyəmə 10 dəfə zərbə vuraraq mənə xəsarət yetirdi".

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Tacəddin 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəza müddətində Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən fərdi evini hər gün saat 23:00-dan səhər saat 06:00-dək tərk edə bilməz. Həmçinin onun Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməsi qadağan olunub.

Bundan əlavə, Tacəddinə elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılması üçün xidmət göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.

Hökmdə qeyd olunub ki, Tacəddinin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi də qoyulub.

Fariz Məlikli

Editor
Redaktor