İstanbulda güclü yağış daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Hadisələr nəticəsində 14 yaşlı yeniyetmə həyatını itirib, şəhər üzrə 2 518 müraciət qeydə alınıb.
Demokrat.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə Fatih rayonunun Balat məhəlləsində su ilə dolmuş ərazidən keçmək istəyən 14 yaşlı M.İ.-ni elektrik cərəyanı vurub. Xəstəxanaya çatdırılan yeniyetməni xilas etmək mümkün olmayıb.
İstanbul Valiliyinin açıqlamasına əsasən, oktyabrın 14-də saat 06:00-dan 20:00-dək şəhərdə 1 277 su basması, 15 torpaq sürüşməsi, insanların köməksiz vəziyyətdə qalması ilə bağlı 47 hadisə, 13 ağacın aşması və iki dam örtüyünün uçması qeydə alınıb.
Ən çox yağıntı Beykoz-Ömərli ərazisinə düşüb. Burada hər kvadratmetrə 193,84 kiloqram yağıntı qeydə alınıb. Daşqınlar metro stansiyalarında və yollarda da problemlər yaradıb.
Fəsadların aradan qaldırılmasına 8 min əməkdaş və 2 min texnika cəlb olunub. Güclü yağışla əlaqədar oktyabrın 15-də İstanbulda məktəblərdə əyani təhsil dayandırılıb, motosikletlərin hərəkətinə isə məhdudiyyət qoyulub.
Vali Davut Gül yağışların davam edəcəyi barədə xəbərdarlıq edərək sakinləri zərurət olmadıqda evdən çıxmamağa və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.


