Özəl Sağlamlıq

Marketdən süfrəmizə qədər gəlib çıxan gizli təhlükə…

Marketdən süfrəmizə qədər gəlib çıxan gizli təhlükə…

Marketlərdən birində şirniyyatların saxlanıldığı yerdə kif olduğu görünən videonun yayılması qida məhsullarının saxlanma şəraiti və təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə hallar istehlakçıların sağlamlığı üçün yarana biləcək risklərlə bağlı narahatlıq doğurur.

Bəs kiflənmiş şirniyyatların istehlakı insan sağlamlığı üçün hansı təhlükələr yaradır və bu cür hallara yol verən marketlərə qarşı hansı tədbirlər görülə bilər? İstehlakçılar belə vəziyyətlə qarşılaşdıqda hüquqlarını necə qorumalıdırlar?

Demokrat.az-a bu barədə açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, təəssüf ki, bəzi marketlərdə şirniyyatlara nəzarət sistemi, demək olar ki, sıfır səviyyəsindədir.

Marketdən süfrəmizə qədər gəlib çıxan gizli təhlükə…

Onun sözlərinə görə, bəzi supermarketlərdə texnoloqun kim olduğu belə bilinmir:

"Həmin marketlərdə piroq, çörək və şirniyyat hazırlansa da, bu proseslərə kimin nəzarət etdiyi barədə məlumat olmur. Market sahibləri qida üzrə mütəxəssis işə götürərək bütün qida şöbələrinə mütəmadi nəzarət edə bilmirlər. İkinci məsələ marketlərə gətirilən məhsullarla bağlıdır. Digər problem isə marketlərdə satılan hazır məhsullardır. Bunlar çox vaxt uzun müddət saxlanılır, kiflənir və düzgün şəraitdə mühafizə olunmur. Bəzən görürsünüz ki, marketlərin saxlama yerləri, anbarları zirzəmi tipindədir. Zirzəmilərdə rütubət daha çox olur, hava sirkulyasiyası və havalandırma düzgün təmin edilmir. Nəticədə məhsullar kiflənir və kiflənmiş məhsullar istehlakçıların süfrəsinə çıxır.

Bu da, təbii ki, zərərsiz ötüşmür. Xüsusilə allergik reaksiyalara meyilli insanlar üçün ciddi təhlükə yaradır. Bundan başqa, qaraciyər problemləri olan insanlar üçün də risklər mövcuddur. Hətta qaraciyərində problemi olmayan insanlarda belə mikotoksinlərin zərərli təsirləri ola bilər. Belə ki, bəzi kif göbələkləri mikotoksin adlanan zəhərli maddələr əmələ gətirir və bu maddələr insan orqanizmi üçün çox zərərlidir.

Mən düşünürəm ki, marketlərdə uzun müddət rəflərdə qalan şirniyyatlarla bağlı çox ciddi tədbirlər görülməlidir.

Digər bir məsələ də var. Burada şirniyyatları, konfetləri, şokoladları açıq şəkildə, çəki ilə satırlar, lakin onların üzərində istehsal və son istifadə tarixləri göstərilmir. Bir çox hallarda çəki ilə satılan məhsulların nə vaxt istehsal olunduğunu, son istifadə müddətinin nə vaxt bitdiyini müəyyənləşdirmək mümkün deyil. Məhsullar rəflərdə qalır, satılmayan köhnə məhsulların üzərinə yeniləri əlavə olunur, köhnələr isə altda qalaraq yığılır və nəticədə kiflənir. İstehlakçı da həmin məhsulu alıb evinə aparır və bu, qida zəhərlənməsinə səbəb ola bilər.

Marketlərdə nəzarət sistemi çox zəifdir və bərbad vəziyyətdədir. Marketlərdə keyfiyyətə nəzarətin səviyyəsini qiymətləndirmək üçün ilk növbədə çəki ilə satılan şokolad, konfet və digər şirniyyatların üzərində istehsal və son istifadə tarixlərinin göstərilib-göstərilmədiyi yoxlanılmalıdır. Bu problem əsasən qablaşdırılmamış və çəki ilə satılan məhsullarla bağlıdır.

Bundan əlavə, marketlərin anbarlarına gedib nəzarət etmək, rütubət səviyyəsini ölçmək, onun hansı həddə olmalı olduğunu və saxlama şəraitinin tələblərə uyğunluğunu yoxlamaq lazımdır.

Bu problemlər aradan qaldırılmayana qədər qida zəhərlənməsi halları davam edə və insanlar bu cür təhlükələrlə üzləşə bilərlər. Ona görə də marketlərdə vəziyyət çox acınacaqlıdır və nəzarət sistemi gücləndirilməlidir.

Sahibkarlar qida mütəxəssislərinə daha çox üstünlük verməli, ekspertlərlə işləməli və onları dəvət edərək məhsulların keyfiyyətinə nəzarəti təmin etməlidirlər. Ölkəmizdə kifayət qədər ali təhsilli gənclərimiz var. Onları işə götürsünlər, müvafiq vəzifələrə təyin etsinlər və işlərinə nəzarət etsinlər. Texnoloq ixtisasını bitirən gənclər var, bəs onlar harada işləyirlər? Eyni zamanda, keyfiyyətə nəzarət bölmələri də effektiv fəaliyyət göstərməlidir.

Marketlərdə keyfiyyətə nəzarətin mövcud olduğu deyilsə də, bu prosesin necə həyata keçirildiyini yoxlamaq lazımdır. Keyfiyyətə həqiqətən nəzarət olunsaydı, kiflənmiş ərzaqlar istehlakçıların süfrəsinə çıxmazdı".