Dünya

Hakimiyyəti tənqid edən merin mikrofonunu söndürdülər

Hakimiyyəti tənqid edən merin mikrofonunu söndürdülər

Kiyev meri Vitali Kliçko Ukrayna Ali Radasında çıxışı zamanı mərkəzi hakimiyyəti tənqid edərkən onun mikrofonu söndürülüb.

Demokrat.az xəbər verir ki, hadisə parlamentin "YouTube" kanalında yayımlanan canlı yayımda əks olunub.

Kliçko mikrofonu kəsilməzdən əvvəl Ukraynada yerli özünüidarəetmə sisteminin zəiflədildiyini bildirib. Onun sözlərinə görə, icma rəhbərləri müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırılır, onlara qarşı ittihamlar irəli sürülür və cinayət işləri ilə təzyiq göstərilir.

Mikrofonun qəfil söndürülməsi merin təəccübünə səbəb olub. O, geriyə dönərək reaksiyasını ifadə edib, parlament zalında isə alqış səsləri eşidilib.

Çıxışı zamanı Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskiyə də müraciət edib. O, Kiyevin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı suallar ünvanlayıb və sistemin gücləndirilməsi üçün ayrılan milyardlarla vəsaitin hara xərcləndiyini soruşub.

Mer həmçinin paytaxtın qışa hazırlığının uğursuz olması ilə bağlı səsləndirilən ittihamları rədd edib. O, şəhərlərin soyuq havaya hazır olmamasını hökumətin ayrılmış vəsaitləri dondurması ilə əlaqələndirib və ona qarşı irəli sürülən ittihamları "şou" adlandırıb.

Qeyd edək ki, Zelenski daha əvvəl Kiyev rəhbərliyini və şəxsən Kliçkonu qışa hazırlıq tədbirlərini gecikdirməkdə ittiham etmişdi. Mer isə bu iddiaların onu vəzifədən uzaqlaşdırmaq və yerinə hərbi administrasiya rəhbərini təyin etmək üçün bəhanə kimi istifadə olunduğunu bildirib. Kliçko növbəti seçkilər keçirilənədək vəzifəsində qalacağını bəyan edib.

Editor
Redaktor