Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasının üzvü, Səhiyyə məsələləri daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə icazə verilməyib.
Deputat oktyabrın 15-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etməli idi.
Badalyan sosial şəbəkədəki paylaşımında bildirib ki, oktyabrın 14-də Sankt-Peterburqa getmək istəyərkən Rusiyaya girişinin qadağan olunduğu barədə məlumat alıb.
"Bu gün, oktyabrın 14-də Sankt-Peterburqa yola düşməyi planlaşdırırdım. Lakin Rusiyaya girişimə icazə verilmədi və bildirildi ki, ölkəyə girişim qadağandır. Səbəbi isə bəlli deyil", – deyə deputat qeyd edib.
O, Moskvanın bu qərarını təəccüblə qarşıladığını və hadisənin narahatlıq doğurduğunu bildirib. Badalyanın sözlərinə görə, rəsmi parlament nümayəndə heyətinin üzvünün beynəlxalq təşkilatın mənzil-qərargahına buraxılmaması və vəzifə öhdəliklərini yerinə yetirməsinə maneə yaradılması qəbuledilməzdir.


