Nağdsız ödənişlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, kartla alış-veriş zamanı xərclənən pulun fərqinə varmaq bəzən çətinləşə bilər. Xüsusilə kiçik məbləğli ödənişlərin tez-tez edilməsi ayın sonunda ümumi xərclərin gözləniləndən çox olmasına səbəb ola bilər.
Bəs kartla ödəniş etmək insanı daha çox pul xərcləməyə sövq edirmi? Nağdsız ödənişlər şəxsi büdcəyə nəzarəti çətinləşdirə bilərmi və bu riskin qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə,
kartla, yəni nağdsız ödəniş edərkən insanlar psixoloji baxımdan pul xərcləməyə daha rahat yanaşırlar.

Onun sözlərinə görə, nağd pul ödədikdə isə insan pulun əlindən çıxdığını, cibindəki vəsaitin azaldığını daha aydın hiss edir:
"Bu da onda müəyyən psixoloji narahatlıq yaradır. Nağdsız ödəniş zamanı isə pul fiziki olaraq insanın əlindən çıxmadığı üçün xərcləmə prosesi daha rahat görünür. Psixoloji araşdırmalarda da bu məsələyə toxunulur və nağdsız ödənişlərin insanlarda xərcləmə ilə bağlı psixoloji maneələri müəyyən qədər azaltdığı qeyd edilir.
Lakin bu, nağdsız ödənişlərin büdcəyə nəzarəti çətinləşdirdiyi anlamına gəlmir. Əksinə, nağdsız ödənişlərin üstünlüklərindən biri bütün əməliyyatların rəqəmsal şəkildə qeydə alınmasıdır. İnsan kart vasitəsilə etdiyi ödənişlərin tarixçəsinə baxaraq pulunu nəyə və nə qədər xərclədiyini görə bilər. Bu da gəlir və xərclərin uçotunu aparmağa, gündəlik xərcləri təhlil etməyə və büdcəni daha düzgün planlaşdırmağa imkan yaradır.
Məsələn, insan ay ərzində ərzağa, nəqliyyata, geyimə, restoranlara və digər ehtiyaclara nə qədər pul xərclədiyini kart əməliyyatları vasitəsilə müəyyənləşdirə bilər. Bu məlumatlar ona hansı xərclərin zəruri, hansılarının isə azaldıla biləcəyini görməyə kömək edir. Nağd ödənişlərdə isə insan bəzən gün ərzində xərclədiyi pulların ümumi məbləğini dəqiq xatırlamaya bilər.
Bununla belə, nağdsız ödənişlərin müəyyən psixoloji təsirləri də var. İnsan kartla ödəniş etdikdə pulun fiziki olaraq əlindən çıxmasını hiss etmədiyi üçün bəzən ehtiyacından artıq alış-veriş edə bilər. Xüsusilə kiçik məbləğli ödənişlər təkrarlandıqda insan onların ümumi məbləğinin nə qədər olduğunu fərq etməyə bilər. Məsələn, gün ərzində bir neçə dəfə kiçik məbləğlər xərcləmək ilk baxışdan ciddi görünməsə də, ayın sonunda bu məbləğ əhəmiyyətli həddə çata bilər.
Digər tərəfdən, kartla ödənişin rahatlığı insanı ani qərarlar verməyə də sövq edə bilər. Mağazada və ya internetdə hansısa məhsulu gördükdə insan onun həqiqətən lazım olub-olmadığını düşünmədən alış-veriş edə bilər. Nağd puldan istifadə zamanı isə cibdəki vəsaitin məhdud olması insanı daha diqqətli davranmağa vadar edə bilər.
Ancaq burada əsas məsələ ödəniş formasından daha çox insanın maliyyə davranışı və özünə nəzarət bacarığıdır. Nağdsız ödənişlərdən istifadə edən şəxs gəlirini, xərclərini və maliyyə imkanlarını düzgün qiymətləndirməlidir. Aylıq büdcə hazırlanmalı, ilk növbədə kommunal xərclər, ərzaq, nəqliyyat və digər zəruri ehtiyaclar üçün vəsait ayrılmalıdır. Bundan sonra qalan məbləğin hansı istiqamətlərə xərclənəcəyi müəyyənləşdirilməlidir.
Mən hesab edirəm ki, insan öz xərclərinə nəzarət etməyi bacarmalı, ehtiyacları ilə istəklərini bir-birindən ayırmalıdır. Kartla ödəniş etmək özlüyündə mənfi hal deyil. Əksinə, düzgün istifadə edildikdə bu üsul maliyyə əməliyyatlarının izlənilməsini asanlaşdırır. Əsas məsələ nağdsız ödənişin yaratdığı rahatlığa aldanaraq gəlirdən artıq xərcləməmək və büdcəni planlı şəkildə idarə etməkdir".


