Özəl Kriminal

Maşını yudurub pulunu vermədi, dava düşdü — Məhkəmə

Maşını yudurub pulunu vermədi, dava düşdü — Məhkəmə

Şəki rayonunda avtoyuma məntəqəsini işlədən şəxs müştərini döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən avtoyuma məntəqəsində baş verib.

Şəki şəhər sakini, 1990-cı il təvəllüdlü Ayaz həmin küçədə yerləşən və işlədiyi avtoyuma məntəqəsində Zaur (adlar şərtidir – red.) adlı şəxslə mübahisə edib. Onların arasındakı mübahisə davaya çevrilib.

İstintaq sənədlərinə görə, Zaur özünə məxsus avtomobili yuyulması üçün Ayaza verib. Həmin gün saat 09:30 radələrində avtomobil yuyulub qurtardıqdan sonra Zaur pulu olmadığını və ödənişi sonradan edəcəyini bildirib.

Bu zaman Ayaz Zaura əvvəllər də avtomobilin yuyulmasına görə yaranan borcunu qaytarmadığını xatırladıb və pulunu tələb edib. Nəticədə onların arasında mübahisə yaranıb. Şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Ayaz qəsdən əli ilə Zaurun baş nahiyəsinə çoxsaylı zərbələr endirərək ona xəsarətlər yetirib.

Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor