Özəl Texnologiya

Süni intellekt pul qazandırır? — Açıqlama

Süni intellekt pul qazandırır? — Açıqlama

Süni intellekt texnologiyalarının inkişafı insanlara yeni qazanc imkanları yaradır. Bununla belə, süni intellekt vasitəsilə qısa müddətdə yüksək gəlir əldə etmək vəd edən təkliflərin nə dərəcədə real olması suallar doğurur.

Bəs Azərbaycanda insanlar süni intellekt alətlərindən istifadə etməklə hansı yollarla gəlir əldə edə bilərlər və bu sahədə asan qazanc vəd edən təkliflərin arxasında nələr dayanır?

Texnoloq Elvin Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, süni intellekt real qazanc imkanı yaradır amma ən vacib məqam budur ki, pul qazandıran AI deyil, AI ilə həll etdiyiniz problemdir.

Süni intellekt pul qazandırır? — Açıqlama

Onun sözlərinə görə, bir sahibkar üçün gündəlik hesabatı avtomatlaşdırırsınızsa, sosial media üçün kontent hazırlayırsınızsa, məhsul təsvirlərini sürətlə yazırsınızsa və ya səs əlavə edirsinizsə, burada artıq real xidmət və real dəyər var:

"Azərbaycanda da bu imkanlardan istifadə etmək mümkündür. Xüsusilə freelance işləyənlər, dizaynerlər, marketinq mütəxəssisləri, proqramçılar, tərcüməçilər, video montaj edənlər və kiçik bizneslər AI hesabına daha az vaxtda daha çox iş görə bilirlər. Hətta texniki biliyi çox yüksək olmayan insanlar da no-code alətləri ilə sadə avtomatlaşdırmalar, chatbotlar və kontent xidmətləri yarada bilərlər. Amma süni intellektlə asan və sürətli pul qazan tipli təkliflərə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bu sahədə də artıq marketinq çox şişirdilir. Sizə deyirlər ki, heç bir bacarıq lazım deyil, gündə yarım saat işləyin və yüksək gəlir əldə edin. Əslində isə uzunmüddətli qazanc üçün yenə də bacarıq, müştəri tapmaq, keyfiyyətli xidmət göstərmək və nəticəyə görə məsuliyyət daşımaq lazımdır.

AI ilə pul qazanmaq bəli mümkündür, amma bu lotereya deyil. Əgər insan öz sahəsini bilir və süni intellekti işini sürətləndirmək üçün istifadə edirsə, gəlirini artıra bilər. Yox əgər məqsəd yalnız AI özü işləsin, mən də pul qazanım yanaşmasıdırsa bu çox vaxt real olmur. Ən təhlükəli tərəf isə odur ki, bəzi saxta layihələr və kurslar insanların süni intellektə marağından istifadə edib yüksək qazanc vəd edir əvvəlcədən ödəniş tələb edir və nəticədə heç bir real gəlir modeli təqdim etmir. Ona görə belə təkliflərdə həmişə ehtiyatlı olmaq və diqqətli davranmaq lazımdır".