Atasını qəsdən öldürməkdə ittiham olunan 19 yaşlı Ayxan Vəlizadənin əməli məhkəmədə yenidən qiymətləndirilib və ona 1 il 6 ay həbs cəzası verilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə ittiham olunurdu. Prokurorluq onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etmiş və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Lakin məhkəmə təqsirləndirilən şəxsə verilən ilkin ittihamın düzgün olmadığı qənaətinə gəlib. Hökmə əsasən, Ayxanın əməli Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə - zəruri müdafiə həddini aşmaqla adam öldürməyə tövsif edilib. Ona 1 il 6 ay həbs cəzası təyin olunub.
Hökm apellyasiya instansiyasında qüvvədə qalarsa, Ayxan 8 aydan sonra azadlığa çıxa biləcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Abşeron rayonunun Ramana qəsəbəsində, Gülçülük sovxozu kimi tanınan ərazidə baş verib. Həyatını itirən İftixar Vəlizadə kombi ustası olub.


