Hollivud aktyoru Silvestr Stallone qızı Sofiyanın gələcək toy mərasiminə çəkiləcək xərclərə görə təqaüdə çıxmağı təxirə salmalı olduğunu bildirib.
Aktyor bu barədə "Live with Kelly and Mark" proqramında danışıb.
Verilişin aparıcıları Stallonedən qızının toyuna nə qədər pul xərcləməyi planlaşdırdığını soruşublar. Aktyor isə suala zarafatla yanaşaraq təqaüdə çıxa bilmədiyini deyib.
"Bu barədə danışmağa xəcalət çəkirəm, amma təqaüdə çıxa bilmirəm. Sadəcə bacarmıram", – deyə o bildirib.
Studiyada gülüşə səbəb olan bu sözlərin zarafat olmadığını vurğulayan Stallone fikrində ciddi olduğunu qeyd edib.
Aktyor gələcək kürəkəni Maykl Şihenin Sofiyaya evlilik təklifi etmək üçün ondan icazə almasını da yumorla xatırlayıb. Stallone həmin anı şərh edərkən "Yaxşı, uğurlar sənə, dostum!" dediyini bildirib.
Qeyd edək ki, 30 yaşlı Sofiya Stallonenin keçmiş model Cennifer Flavinlə nikahından olan üç qızından biridir. 1997-ci ildə ailə quran cütlüyün Sistin və Skarlet adlı daha iki qızı var. Onların hazırda 28 və 24 yaşları var.
Aktyorun Saşa Zakla ilk evliliyindən də iki oğlu dünyaya gəlib. Oğullarından Seyc 2012-ci ildə 36 yaşında vəfat edib. Digər oğlu Sercioda isə uşaqlıq dövründə autizm aşkarlanıb.
Sofiya Şihenlə nişanlandığını bu il avqustun 28-də açıqlayıb.


