Siyasi

Türkiyənin "Neo-Osmanlı" planları və Bakının qırmızı xətləri

Türkiyənin Neo-Osmanlı planları və Bakının qırmızı xətləri

Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə söykənir. Lakin bu münasibətlərin mahiyyətini düzgün anlamaq üçün bir prinsip heç vaxt unudulmamalıdır: qardaşlıq münasibətləri suverenliyin məhdudlaşdırılması, milli maraqların arxa plana keçirilməsi və bir dövlətin digərinə siyasi iradəsini qəbul etdirməsi demək deyil.

Azərbaycan bütün beynəlxalq münasibətlərdə olduğu kimi, Ankara ilə əlaqələrdə də bərabərhüquqlu tərəfdaşlıq prinsipini daim qoruyur. Çünki müstəqilliyini tarixi sınaqlar qarşısında ağır itkilər hesabına qorumuş Azərbaycanın xarici siyasətinin əsasını hər hansı güc mərkəzinə tabeçilik deyil, milli maraqların qorunması təşkil edir.

Məsələ təkcə Azərbaycanın mövqeyi ilə də bağlı deyil. Belə ki, Türkiyənin "Neo-Osmanlı" layihəsinin kiçik tərəfdaşı kimi gördüyü ölkələrlə bağlı təcrübəsi də böhranlar, müharibələrlə zəngindir.

Suriya: həllini tapmayan böhran

Türkiyənin Suriya siyasəti Ankaranın imperialist siyasətinin ən qanlı nümunələrindən biridir. 2016-cı ildə keçirilən "Fərat qalxanı", 2018-ci ildəki "Zeytun budağı" və 2019-cu ildəki "Sülh çeşməsi" əməliyyatları Türkiyənin Suriyanın şimalındakı hərbi mövcudluğunu genişləndirib. Ankara bu addımları sərhəd təhlükəsizliyi və terror təhlükəsinin aradan qaldırılması ilə əsaslandırsa da, əməliyyatlar nəticəsində Suriyanın ərazi bütövlüyü pozulub, mülki əhali üçün həyat dözülməz hala gəlib.

Türkiyənin Suriya siyasətində digər məqam isə Bəşər Əsəd rejiminə qarşı vuruşan radikal dini qruplaşmaları (Suriya Milli Ordusu və s.) silahlandırması, onlara mütəmadi dəstək göstərməsi ilə bağlı idi. Bu addımlar münaqişəni daha da çıxılmaz hala saldı. Savaş daha qanlı xarakter aldı, onminlərlə insan həyatını itirdi.

Suriyadan Türkiyəyə sığınmış milyonlarla qaçqının mövcudluğu isə problemin yalnız xarici siyasət müstəvisində qalmadığını göstərir. İllərdir ki, qaçqın məsələsi Türkiyənin daxili siyasi gündəliyində mühüm yer tutur. Bu gün suriyalı qaçqınlar AKP üçün sadiq elektorata çevrilsə də, Türkiyə üçün sosial təhdid rolunu oynayır.

İraq: təhlükəsizlik bəhanəsi, yoxsa suverenliyin pozulması?

Türkiyənin İraqın şimalındakı hərbi əməliyyatları Ankara ilə Bağdad arasında uzun illərdir mübahisə mövzusu olaraq qalır. Türkiyə bu əməliyyatları əsasən PKK-ya qarşı mübarizə və sərhəd təhlükəsizliyi ilə əlaqələndirir. İraq tərəfi isə ölkə ərazisində razılaşdırılmamış hərbi fəaliyyətə və suverenliyin pozulmasına etiraz edir.

Türkiyənin bölgədə hərbi bazalar və müşahidə məntəqələri saxlaması, mütəmadi əməliyyatlar keçirməsi İraqın şimalını savaş meydanına çevirib. Bununla paralel Türkiyə İraqın şimalındakı qruplaşmalarla separat danışıqlara gedir, faktiki olaraq mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olur.

Bu prosesin yerli əhali üçün doğurduğu təhlükələr, yaşayış məntəqələrinin zərər görməsi və insanların öz torpaqlarından didərgin düşməsi də məhz bu müdaxilənin nəticələridir.

Ən narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, Türkiyə parlamenti mütəmadi olaraq İraqın şimalında transsərhəd hərbi əməliyyatların müddətini uzadır. Son olaraq sözügedən əməliyyatların 2028-ci ilə qədər uzadılması qərara alınıb. Yəni bu xəmir də hələ çox su aparacaq...

Livan: dini-siyasi rəqabətin kölgəsində

Livan nümunəsi Türkiyənin regional siyasətində başqa bir məqama diqqət yetirməyə əsas verir: tarixi və dini-mədəni bağlar vasitəsilə siyasi nüfuz qazanmaq cəhdləri. Ölkənin mürəkkəb konfessional sistemi, müxtəlif dini icmalar arasında kövrək tarazlıq və xarici güclərin rəqabəti Livanı Yaxın Şərqin ən həssas siyasi məkanlarından birinə çevirib.

Ankara bu coğrafiyada da tarixi əlaqələrindən, dini yaxınlıqdan və müəyyən icmalarla münasibətlərindən istifadə edərək təsir imkanlarını genişləndirməyə çalışır. Türkiyənin Livandakı fəallığı təkcə humanitar və mədəni əlaqələrlə məhdudlaşmır, daha geniş regional nüfuz uğrunda mübarizənin tərkib hissəsi kimi çıxış edir.

Digər tərəfdən, Türkiyə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) çərçivəsində öz hərbi mandatını mütəmadi olaraq uzadır. Lakin bu rəsmi missiya məsələnin görünən tərəfidir. Bununla paralel, Türkiyə kəşfiyyatı (MİT) və AKP-yə yaxın dini-ideoloji fondlar Livandakı sünni qruplar və türkmən azlıqlar üzərindən ölkənin daxili siyasətinə müdaxilə edir. Nəticədə Livan bu gün iqtisadi və siyasi iflas həddinə gəlib çatıb.

Sudan: Afrikada nüfuz savaşının qanlı nəticəsi

Türkiyənin Afrika siyasəti də Ankaranın regional güc statusunu geniş coğrafiyada möhkəmləndirmək niyyətinin yaratdığı növbəti böhran nümunəsidir.

Xatırladaq ki, Türkiyə Sudanın keçmiş diktatoru Ömər əl-Bəşirin hakimiyyəti Sudanla bağlı planlarının icrasına başlamışdı. Belə ki, Qırmızı dəniz sahilində yerləşən Sevakin adası Türkiyə tərəfindən 99 illik icarəyə götürüldü. Rəsmi olaraq tarixi irsin qorunması və turizmin inkişafı ilə əlaqələndirilən layihənin əsas məqsədi sonradan üzə çıxdı. Türkiyə Qətərin 4 milyardlıq maliyyə dəstəyi ilə Sevakin adasında hərbi-dəniz bazası inşa etmək planını elan etdi. Bu addım Misir və Səudiyyə Ərəbistanı tərəfindən narazılıqla qarşılandı.

Türkiyənin Sudan planı bununla da yekunlaşmır. Belə ki, ölkədə vətəndaş müharibəsi başlayanda Türkiyə yenidən məsələyə müdaxilə etdi. Bu dəfə Sudanın rəsmi ordusuna gizli şəkildə dronlar və silah tədarükünə start verildi. Üstəlik, Türkiyənin "Wagner"i kimi tanınan SADAT vasitəsilə radikal-islamçı muzdlular bölgəyə daşındı. Beləcə müharibə daha dəhşətli xarakter aldı. Nəticədə, bu gün Sudan 12 milyondan çox insanın didərgin düşdüyü, on minlərlə insanın öldüyü dəhşətli bir humanitar fəlakət yaşayır.

Azərbaycan Qətər deyil

Məsələnin Azərbaycan üçün ən həssas tərəfi iqtisadi resurslar və strateji layihələrlə bağlıdır. Burada Qətər nümunəsini xatırlatmaq vacibdir. Belə ki, Türkiyə ilə Qətər arasında müdafiə, investisiya və siyasi əməkdaşlıq uzun illərdir inkişaf edir. Lakin bu da məsələnin görünən tərəfidir. Faktiki olaraq isə Qətər Türkiyənin avantürist siyasətini maliyyələşdirməklə məşğuldur.

Doğrudur, Türkiyə ilə Azərbaycan arasında enerji, nəqliyyat, müdafiə sənayesi və investisiya sahələrində geniş əməkdaşlıq mövcuddur. Azərbaycan SOCAR-ın investisiyaları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr vasitəsilə Türkiyə iqtisadiyyatına qardaş dəstəyi göstərib. Lakin Türkiyə bu dəstəyə öz avantürist xarici siyasətini maliyyələşdirmək üçün bir "təminat aləti" kimi baxırsa, bunun qarşısı qətiyyətlə alınmalıdır.

Azərbaycanın yolu müstəqillik və suverenlik yoludur

Azərbaycan özünün güclü ordusu, müstəqil diplomatiyası və iqtisadi potensialı olan suveren dövlətdir. Ölkəmiz Türkiyənin "Neo-Osmanlı" layihəsinin kiçik tərəfdaşı və ya Qafqazdakı hərbi forpostu rolunda çıxış edə bilməz. Türkiyənin Yaxın Şərqdə və digər coğrafiyalarda yürütdüyü siyasət nəticəsində böyük güclərlə yaranan gərginliklər Azərbaycanın milli təhlükəsizliyinə və regional sabitliyə təsir göstərməməlidir.

Çünki Azərbaycanın müstəqilliyi və milli maraqları bütün tərəfdaşlıq münasibətlərindən üstündür.

Bizim.Media-nın analitik qrupu

Editor
Redaktor