Siyasi

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu günlərdə Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə tamhüquqlu üzv kimi iştirakı və çıxışı böyük maraqla qarşılanıb. Bu, eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqun və regional əməkdaşlığın inkişafında da mühüm rol oynayır. Xatırladım ki, ötən ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib. Bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib. 2023 və 2024-cü illərdə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət Görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış etmişdi. Azərbaycanın prosesə fəal qoşulması nəticəsində regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Hüquq müdafiəçisi indiyədək keçirilən Məşvərət görüşlərində müzakirə olunan məsələlərdən söhbət açaraq deyib ki, dövlət başçıları siyasi münasibətlərin inkişafı, Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və enerji layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı, humanitar əməkdaşlıq və digər zəruri məsələri müzakirə edirlər. Bununla yanaşı, dövlət başçıları arasında ikitərəfli görüşlər keçirilir, yeni sazişlər, memorandumlar və birgə layihələr barədə razılıqlar əldə olunur. Dövlətimizin başçısının Türkmənistana səfəri zamanı bir daha bunun şahidi olduq.

Ç.Qənizadə Prezident İlham Əliyevin çıxışına istinadən qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir.

"Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin reallaşması tərəflər arasında siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək istiqamətində mühüm rol oynayıb. Türkmənistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi və təməlqoyma mərasimində hər iki dövlət başçısının iştirakı xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Dövlətimizin başçısı, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyindən söhbət açaraq Özbəkistanın Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etdiyni xatırladıb. Bu faktlar ölkəmizin Mərkəzi Asiya Dövlətləri ilə münasibətlərinin getdikcə daha da yaxşlaşmasından xəbər verir, - deyə o bildirib.

Komitə sədri diqqəti Prezidentin çıxışındakı digər məqamlara da cəlb edərək deyib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Əməkdaşlığımızın əsas sahələrindən biri də energetika və nəqliyyatdır.

"Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə mühüm sənədlərə imza atılıb. Görüşün yekununda Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar imzalanıb. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır" -deyə Ç.Qənizadə bildirib.