Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib.
Dövlət başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi qiymətləndirib və bu qərarı yekdilliklə dəstəkləyən həmkarlarına təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın bu formata tamhüquqlu iştirakı təşəbbüsünün Türkmənistan tərəfindən irəli sürüldüyünü xüsusi vurğulayıb.
Prezident Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyinin və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi qeyd olunub.
İlham Əliyev Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsini də xüsusi qeyd edib. Dövlət başçısı bu təşəbbüsü qardaş Türkmənistanın Azərbaycana hədiyyəsi, xalqlar arasında dostluğun və mənəvi yaxınlığın növbəti təzahürü kimi qiymətləndirib.
Azərbaycan Prezidenti çıxışında Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə də toxunub. Qeyd edib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu qardaş dəstəyinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və ticari əlaqələrinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.
İlham Əliyev Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını da diqqətə çatdırıb. Prezident bu fondların imkanlarından daha fəal istifadə edilməsinin, birgə investisiyaların artırılmasının, yeni istehsal müəssisələrinin yaradılmasının və məhsulların xarici bazarlara çıxarılmasının vacibliyini vurğulayıb.
Çıxışda nəqliyyat sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Azərbaycan son illərdə dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına böyük sərmayələr yatıraraq nəqliyyat imkanlarını genişləndirib.
Dövlət başçısı Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını diqqətə çatdırıb. Bildirilib ki, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bununla yanaşı, "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi istiqamətində işlərin aparıldığı qeyd olunub.
Energetika sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını bildirən Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəqlinin həyata keçirildiyi və bu daşımaların həcminin artdığı bildirilib. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yalnız nəqliyyat və energetika ilə məhdudlaşmadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir və bu amillər Azərbaycanla Mərkəzi Asiya ölkələrinin gələcək inkişafı və qarşılıqlı fəaliyyətinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü çərçivəsində Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafına xidmət edən bir sıra sənədlər də imzalanıb.
Mehriban Sultanova
Abşeron rayonu Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin direktoru


