Kriminal

Boşansalar da bir evdə yaşayırdılar — Arvad döyüldü

Boşansalar da bir evdə yaşayırdılar — Arvad döyüldü

Goranboy rayonunda 37 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərində baş verib. 1989-cu il təvəllüdlü Məmməd yaşadığı fərdi yaşayış evinin eyvanında keçmiş arvadı Zoyanı (adlar şərtidir – red.) vuraraq ona xəsarət yetirib.

Məmməd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zoya onun keçmiş həyat yoldaşıdır. Onlar 2010-cu ildə ailə həyatı qurublar, birgə nikahdan üç azyaşlı övladları var:

"Zoya ilə ailə həyatı qurduqdan sonra münasibətlərimiz bir neçə il normal oldu. Sonradan ailədaxili narazılıqlara görə boşanmaq qərarına gəldik. İki il olar ki, Goranboy Rayon Məhkəməsinin qərarı əsasında rəsmi olaraq boşanmışıq, üç azyaşlı övladımız Zoyanın himayəsinə verilib. Buna baxmayaraq, bir müddət Goranboy rayonunun kəndində fərdi yaşayış evində yaşamışıq".

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 20:30 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində yaşayan Nazilənin evinə gedib:

"Evə daxil olan zaman keçmiş həyat yoldaşım Zoyanın da orada olduğunu gördüm. Orada olarkən Zoya məndən onun arxasınca niyə gəldiyimi soruşdu. Mən də Zoyaya onun evi olmadığını, yaxşı edərək gəldiyimi dedim. Buna görə aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Zoya məni nalayiq ifadə ilə təhqir etdi. Mən də Zoyaya "ayıbdır" dedim və eyvana çıxdım. Eyvanda ayaqqabımın ipini bağlayan zaman Zoya evdən çıxaraq nalayiq ifadələr işlədərək üzərimə gəldi. Mən də əlimlə Zoyanın sol göz nahiyəsindən qəsdən vurdum. Bu zaman Zoya yerə yıxıldı və huşunu itirdi".

Məmmədin ifadəsinə görə, daha sonra Zoyanın özünə gəlməsinə kömək edib:

"Bundan sonra Zoya mənim barəmdə polisə şikayət edəcəyini dedi. Mən də Zoyaya polisə şikayət etməməsini dedim və çıxıb getdim".

İş üzrə zərərçəkmiş Zoyanın sözlərinə görə, hadisə günü, saat 16 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində yaşayan rəfiqəsi Nazilənin evinə gedib:

"Həmin gün saat 20:30 radələrində orada olduğum zaman keçmiş həyat yoldaşım Məmməd oraya gəldi və evə daxil oldu. Məmməddən arxamca niyə gəldiyini soruşdum. O isə mənim evim olmadığını və yaxşı edərək gəldiyini dedi. Buna görə aramızda sözlü mübahisə yarandı. Həmin vaxt Nazilə Məmmədə mənim onun evinə qonaq gəldiyimi və heç kimin ona heç nə deyə bilməyəcəyini dedi. Mübahisə zamanı Məmməd məni nalayiq ifadə ilə təhqir etdi. Mən də Məmmədi nalayiq ifadə ilə təhqir etdim. Bu zaman o, ayağa qalxdı və eyvana çıxdı. Mən də Məmmədin arxasınca eyvana çıxdım. Orada olarkən o, məni yenidən nalayiq ifadələrlə təhqir etdi. Mən də cavab olaraq Məmmədə dediyi nalayiq ifadələrin öz ailə üzvlərinə aid olduğunu bildirdim. Bu vaxt Məmmədə təpik atdım. Lakin təpik ona dəymədi. Bu zaman Məmməd yumruqla sol göz nahiyəmə qəsdən zərbə endirdi. Mən yerə yıxıldım və huşumu itirdim. Bir neçə dəqiqə sonra özümə gəldim və ona barəsində şikayət edəcəyimi dedim. O da şikayət etməməyimi dedi və getdi".

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını və onun barəsində şikayət etmədiyini deyib.

Goranboy Rayon Məhkəməsinin hökmü ilə Məmməd 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etmək, həmçinin Goranboy rayonunun hüdudlarını tərk etmək qadağan olunub.

Bundan əlavə, təqsirləndirilən şəxsə həmin dövr ərzində elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Fariz Məlikli

R
Redaktor