Cəmiyyət

Azərbaycan ailələrində yeni meyil — Yüzlərlə uşaq...

Azərbaycan ailələrində yeni meyil — Yüzlərlə uşaq...

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdır.

Demokrat.az-a bu barədə danışan sosioloq Naib Niftəliyev qeyd edib ki, burada övladlığa verilən uşaqların sayı və tərkibi ilə bağlı 2019-cu ildən 2026-cı ilə qədər davam edən müddət nəzərdə tutulur:

Azərbaycan ailələrində yeni meyil — Yüzlərlə uşaq...

"Yəni təxminən 7 il ərzində 923 uşağın övladlığa verilməsi, Azərbaycan dəyərləri, prinsipləri və mentaliteti baxımından, əhalinin sayı, tərkibi və strukturu nəzərə alındıqda, həmçinin beynəlxalq statistika ilə müqayisə etdikdə, normal göstəricidir. Digər tərəfdən, müvafiq müraciətlərin qeydə alınması proseduru var və bu prosedur müəyyən yoxlama, qiymətləndirmə və monitorinq mərhələlərindən keçir. Əgər ilk müraciət 2018-ci ildə qeydə alınıbsa, bu vaxta qədər övladlığa götürmə ilə bağlı müəyyən göstəricilər üzrə, təbii ki, adekvat qiymətləndirmələr aparılıb. Yəqin ki, burada həm də övladlığa götürmək istəyən şəxslərin müraciəti əsasında övladlığa verilə biləcək uşaqlar olmalıdır ki, bu proses reallaşsın. Azərbaycan daxilində bu proses müəyyən şərtlər və qaydalar əsasında həyata keçirilir. İnsan xaricdəki bir şəxsi övladlığa götürmək istəyirsə, bu, fərqli prosedurlar tələb edir. Amma Azərbaycan daxilində şərtlər və qaydalar, o cümlədən himayədar ailə modeli əsasında müəyyənləşir. Proporsiya da son 7 ildə təxminən bərabərdir. 464 oğlan uşağı övladlığa verilib, təxminən bir neçə nəfər fərqlə 459 qız uşağı da övladlığa götürülüb. Yəni burada himayədar valideynlərdən söhbət gedir. Tendensiyanın özü ümumiyyətlə başa düşülən və normaldır, hətta kifayət qədər pozitiv tendensiyadır. Tendensiyanın stimullaşdırılması məsələsinə gəldikdə isə, məncə, himayədar ailədən daha çox uşaqların sosial himayəsi modelinə geniş yer verilməlidir".

Sosioloq əlavə edib ki, uşaqların himayəsində vacib məsələ onların övladlığa verilməsi ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş və yaxud hər hansı formada valideynlərini itirmiş, valideyn dəstəyini obyektiv səbəbdən əldə edə bilməyən uşaqlara aiddir:

"Onlar himayədar ailəyə təhvil verilir və dövlət də müvafiq qayğıları öz üzərinə götürür. Bu prosedur təbii ki, aydındır. Qanunvericilikdə də öz təsdiqini tapıb və müvafiq qaydalar, şərtlər və normalar bəllidir. Burada himayəyə götürən ailənin özünün sağlamlığı, şərtləri, Ailə Məcəlləsinə uyğun müvafiq hüquqi prinsiplər və digər şərtlər də öz əksini tapır. Digər tərəfdən, tendensiyanın normallaşması ilə yanaşı, sosial-demoqrafik siyasətdə valideynlərin də sosial himayəsi və uşaqların gələcəyi ilə bağlı müəyyən sosial dəstəyin yaradılması, himayəçi dəstək modelinin formalaşdırılması vacib məsələlərdən biridir. Hər bir halda, tendensiyanın özü məqsədəuyğundur və say tərkibi də normaldır. Əslində, ailəyə götürülən, himayəyə götürülən uşaqların ailələrə uyğunluğu, ailələrin himayə imkanlarının olması və dövlətin də əhəmiyyətli dərəcədə bu prosesi dəstəkləməsi ilə ölçülür. İstənilən halda, prosesin özü adekvat və məqsədəuyğundur. Sadəcə olaraq, əgər biz bu prosesi genişləndirmək istəyiriksə, öncə buna olan tələbatı, yəni himayədar ailə modelinə olan tələbatı araşdırmalıyıq".

Naib Niftəliyevin sözlərinə görə, ikinci bir tendensiya isə boşanma hallarının məhdudlaşdırılması, boşanma tendensiyasının azalması və ailənin möhkəmləndirilməsi ilə bağlı tərəqqinin təmin olunması, daha çox övlad və daha böyük ailə modelinə keçidin təşviq edilməsidir:

"Himayə olunacaq şəxslərə gəldikdə isə, obyektiv səbəblərdən valideynlərinin himayəsindən məhrum olan müxtəlif kateqoriyalar mövcuddur. Bunlar həm valideynlərini itirmiş şəxslər ola bilər, həm valideynlərinin yaşlı olması, valideynlərin əlilliyi və ya sadəcə uşağı himayə etmək iqtidarında olmaması bu prosesə təsir göstərə bilər. Hər bir halda, tendensiyanı ilk növbədə cəmiyyətin özü formalaşdırır və bizim burada həm hüquqi, həm sosial, həm də iqtisadi müstəvidə müəyyən təsir imkanlarımız, rıçaqlarımız var. Mental olaraq sosial siyasətin həyata keçirilməsi, ailə modelinin geniş müstəvidə dəstəklənməsi, ailə sağlamlığı, ailə sədaqəti, ailə davranışı və ailə etikası ilə bağlı milli mental dəyərlərin müasir hüquqi və siyasi modellərlə sintezi fonunda ən düzgün, optimal qərarların qəbul edilməsi və rəqəmsal üsulla tətbiqi ilə bu məsələləri tənzimləyə bilərik. Ümumiyyətlə, iki və daha artıq uşaq modelinin təşviq olunması, məncə, himayədar ailə modelinə də müəyyən dəstək qazandırır və gələcəkdə müəyyən risklər yaranarsa, himayədar ailə modelinə həm övladı olan, həm də övladı olmayan şəxslərin qoşulması üçün əlverişli şərait yaradır".

FH
Fidan Hacızadə
Müxbir