Kriminal

Bakıda müştəri kafe sahibini bıçaqladı — 600 qram araq içmişdim

Bakıda müştəri kafe sahibini bıçaqladı — 600 qram araq içmişdim

Bakının Binəqədi rayonunda 56 yaşlı kişi tanışını bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləcəri qəsəbəsində, X.Məlikaslanov küçəsi, 6-cı döngədə yerləşən kafedə baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ağa yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Nüsrətin işlətdiyi kafeyə gəlib. O, Nüsrətin çölə çıxmasını tələb edib. Bundan sonra Nüsrət ona iradını bildirib və əli ilə çölə çıxmasını tələb edib. Bunu bəhanə edən Ağa ətrafda olan şəxslərin gözü qarşısında bıçaqla onun qarın nahiyəsindən bir dəfə zərbə vurub.

Ağa barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ağa ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, himayəsində xəstə arvadı və anası var:

"Mən tikintidə fəhlə işləyirəm, bəzən də fərdi evlərdə elektrik işləri görürəm. Məlum hadisə günü, saat 11:30 radələrində yaşadığım evdən çıxaraq yaxınlıqda yerləşən Nüsrətin işlətdiyi kafeyə getdim. Nüsrəti təxminən 4-5 ildir ki, tanıyıram. Evdən çıxmazdan əvvəl təxminən 600 qram araq içdim, sonra yenə araq içmək məqsədilə kafeyə getmək qərarına gəldim. Kafeyə çatıb içəri daxil oldum və Nüsrətin mətbəx hissəsində olduğunu gördüm. Ona yaxınlaşaraq spirtli içki istədim. Nüsrət isə içkili olduğumu gördü və çölə çıxmağımı tələb etdi. Bu səbəbdən aramızda mübahisə düşdü. Mən sərxoş olduğumdan kafedən çıxmaq istəmədim. Nüsrət isə məni itələyərək çölə çıxartmaq istədi. Yenə kafeyə daxil olmaq istədim. Amma Nüsrət sinəmdən itələyərək kafeyə daxil olmağıma mane oldu, mənə içəri girməyə icazə vermədiyini bildirdi. Mübahisə kafenin daxilində başladı, sonra həyət hissəsində davam etdi".

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt Nüsrətin hərəkətinə əsəbləşərək əynindəki gödəkçənin cibində olan bıçağı çıxarıb və Nüsrətin qarın nahiyəsindən bir dəfə zərbə endirib:

"Bıçaq üzərimdə işimlə əlaqədar olub. İşim olduqda alətlərimi cibimə qoyaraq iş yerimə aparıram. Başqa vaxtlarda isə bıçağı və digər alətləri üzərimdə gəzdirmirəm. Həmin gün bıçaq təsadüfən üzərimdə olub. Nüsrətlə hadisədən əvvəl münasibətlərim yaxşı olub. Həmin gün içkili olduğumdan aramızda anlaşılmazlıq oldu. Sərxoş halda kafeyə getməkdə məqsədim kiməsə zərər vurmaq olmayıb. Nüsrəti bıçaqla vurduğum yer kafenin həyətinin giriş hissəsidir. Hadisə zamanı yanımızda heç kim olmayıb. Kiminsə yanıma gəldiyini görməmişəm. Heç bir səs-küy salmamışam və xuliqanlıq etməmişəm. Hadisəni törətdikdən sonra yaşadığım evə qayıtmışam. Daha sonra polis bölməsinə gedərək törətdiyim hadisə barədə məlumat vermişəm. Mənim Nüsrəti öldürmək niyyətim olmayıb, onu qorxutmaq istəmişəm. Hadisə zamanı istifadə etdiyim bıçağı isə həyəcanlı olduğumdan yolda tullamışam".

İş üzrə zərərçəkmiş Nüsrətin sözlərinə görə, kafeni özü tək işlədir, kafedə üç stol var, yeməyi evdə bişirtdirib oraya gətirir:

"Hadisəyə qədər təqsirləndirilən Ağa ilə aramızda heç bir mübahisə və söz-söhbət olmayıb. Hadisə günü kafedə məhəllə sakini kimi çoxdan tanıdığım Yalçın adlı müştəri olub. Mətbəxdə Yalçına yemək qızdırarkən tanıdığım digər məhəllə sakini Ağa gəldi və məni çağıraraq işi olduğunu bildirdi. Mən də gözləməsini söylədim. Daha sonra Ağa mətbəxə daxil olmaq istədi. Ağaya çölə çıxmasını bildirdim və xahiş etdim ki, mətbəxə keçməsin, çünki Ağa həmin vaxt sərxoş vəziyyətdə olub. Bundan sonra Ağa sözümə məhəl qoymayaraq çölə çıxmadı. Mən də Ağanı bir qədər sinəsindən itələyərək qolundan tutub çölə doğru çıxardım".

Zərərçəkmiş qeyd edib ki, daha sonra aralarında mübahisə yaranıb:

"Ağanı çölə doğru çıxartdıqdan sonra kafenin həyətinin giriş hissəsində o, gözlənilmədən cibindəki bıçağı çıxardı və mənə qarın nahiyəmdən bir dəfə xəsarət yetirdi. Sonra oradan uzaqlaşdı. Mübahisə zamanı bir-birimizə qarşı nalayiq ifadələr işlətməmişik və heç kim hadisənin şahidi olmayıb. Həmin vaxt orada olan Yalçın isə kafenin içərisində olub. Kafenin çöl hissəsində və qarşısında heç kim olmayıb. Ağa məni bıçaqla vurduqdan sonra qarın nahiyəmdən qan axdığını gördü və kafenin içərisinə keçərək bu barədə Yalçına dedi. Yalçın xəsarət aldığımı gördü və dərhal qonşuluqdakı meyvə-tərəvəz mağazasında işləyən Səxavət adlı şəxsi çağırdı. Səxavətin avtomobili ilə məni xəstəxanaya apardılar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

R
Redaktor