Türkiyədə siqaret istifadəsinə dair yeni məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) tərəfindən hazırlanan qanun layihəsinə əsasən, kafe və restoranların açıq sahələrində siqaret çəkməyənlər üçün ayrıca bölmələr ayrılması, siqaret çəkilən yerlərdə isə yemək və içki servisinin qadağan edilməsi planlaşdırılır.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.
Hazırlanan "sağlamlıq paketi" çərçivəsində xəstəxanaların həyətlərində, təcili yardım şöbələrinin qarşısında, məktəblərin, ibadət yerlərinin və uşaqların istifadə etdiyi idman obyektlərinin ətrafında siqaret çəkilməsinə məsafə məhdudiyyəti qoyulması da nəzərdə tutulur. Qadağanın hansı məsafəni əhatə edəcəyi ilə bağlı müzakirələr davam edir.
Layihədə xüsusilə qış aylarında kafe və restoranların açıq sahələrində quraşdırılan qızdırıcılar və açılıb-bağlanan tentlər vasitəsilə yaradılan məkanlara yeni standartların tətbiqi nəzərdə tutulur. Belə sahələrin faktiki olaraq qapalı məkanlara çevrilməsi səbəbindən siqaret çəkilən ərazilərin sərhədlərinin daha dəqiq müəyyənləşdirilməsi planlaşdırılır.
Təklifə əsasən, obyektin ölçüsündən asılı olaraq, yemək və içki təqdim edilməyən ayrıca siqaretçəkmə bölməsi və ya xüsusi açıq sahə müəyyənləşdiriləcək. Eyni zamanda, açıq ərazilərdə siqaret çəkməyənlər üçün də ayrıca yerlər ayrılacaq.
Yeni qaydalar çərçivəsində siqaret satışında şəxsiyyət vəsiqəsinin yoxlanılmasına nəzarətin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yanaşı, elektron siqaretlərin Türkiyədə satışına qoyulan qadağanın qüvvədə qalacağı bildirilir.
Qanun layihəsinə qida əlavələrinin istehsalı və tərkibinə nəzarətin də daxil edilməsi planlaşdırılır. Hazırda kənd təsərrüfatı qurumlarının nəzarətində olan bu məhsulların istehsalına və tərkibinə Səhiyyə Nazirliyinin nəzarət etməsi, etiketdə göstərilən məlumatların düzgünlüyünü yoxlaması nəzərdə tutulur. İçkilərdə şəkərin miqdarının, xüsusilə nişasta mənşəli şəkərlərin istifadəsinin tənzimlənməsi də müzakirə olunur.
Təxminən 20-25 maddədən ibarət qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə nə vaxt təqdim ediləcəyi hələ dəqiqləşməyib. Parlamentin sıx iş qrafiki səbəbindən müzakirələrin 2027-ci ilə qala biləcəyi bildirilir.
Qeyd edək ki, Türkiyədə siqaretin müəyyən doğum ilindən sonra dünyaya gələn şəxslərə satışının tam qadağan olunacağı ilə bağlı yayılan məlumatlar rəsmi şəxslər tərəfindən təkzib edilib. Hazırlanan layihədə belə yaş və ya doğum tarixi meyarının nəzərdə tutulmadığı vurğulanıb.
Jalə


