Kriminal

17 yaşlı oğul atasını bıçaqladı — Bacımı döyürdü

17 yaşlı oğul atasını bıçaqladı — Bacımı döyürdü

Bakının Səbail rayonunda 17 yaşlı oğlan atasını bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Talıb birlikdə yaşadığı fərdi yaşayış evində atası Əfsərin (adlar şərtidir – red.) sərxoş halda bacısı Türkanı və onu səbəbsiz yerə təhqir etməsinə, həmçinin onlara qarşı zor tətbiq etməsinə görə atası ilə mübahisə edib.

Aralarında yaranmış münaqişə zamanı, yəni Əfsərin qanunsuz hərəkətlərinin təsiri altında qisas almaq məqsədilə Talıb mətbəx bıçağı ilə atasına iki zərbə yetirib.

Talıb barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Talıb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü atası ilə birlikdə "Derbi" kafesində olub. Atası kafedə dostları ilə içki içib:

"Sonra kafedən çıxaraq evə getdik. Evə gələndən sonra valideynlərimə dedim ki, 15 dəqiqəlik həyətə düşüb gəlirəm. Evə qayıtdıqdan sonra gördüm ki, evdə səs-küy var, atam bacımla dalaşır. Atam bacıma əl qaldırmaq istəyəndə araya girdim, dəmir stul başıma dəydi. Həmin vaxt bıçağı götürərək özümü qorumaq məqsədilə atamı vurdum".

Təqsirləndirilən şəxs bildirib ki, atasına iki bıçaq zərbəsi endirib:

"Çox içməmişdim, iki stəkan pivə içmişdim. Əvvəllər də aramızda mübahisə olub. Əvvəllər mübahisələrimiz fiziki xarakter daşımayıb, yalnız sözlə olub. Bəli, bacılarım əvvəllər atam tərəfindən zorakılığa məruz qalıblar. Evə gələndə bıçağı hazırlamışdım. Bıçağı mətbəxdən götürdüm. Atamın həmin şiddətindən sonra bıçağı götürmüşəm. Vurmamışdan qabaq atamla aramızda heç bir dialoq olmadı. Sözlə yox, amma ayırmağa çalışdım. Bu zaman atam bacımla yanaşı, məni də vurdu. Atam məni bilərəkdən vurdu. Əvvəllər belə bir şey olmamışdı. Amma buna oxşar hadisələr olmuşdu. Evdə həmişə problemlər olub. Həmin gün problemin nədən ibarət olduğunu bilməmişəm. Gördüm ki, atam bacımı döyür. Dedim ki, aşağı düşürəm, 15 dəqiqəyə gəlirəm. Heç 5 dəqiqə keçmədi ki, atam mənə zəng etdi, təhqir eləməyə başladı. Sonra evə qayıtdım və bu hadisələr baş verdi".

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məlum hadisə günü, saat 21:20 radələrində dostları ilə məşqdən çıxarkən atası Əfsər ona zəng edib və dostu Vahid adlı şəxslə birlikdə kafedə olduğunu bildirib:

"Atam məni yanına çağırdı. Atamın yanına getmək istəməsəm də, problem olmasın deyə dostlarımla sağollaşaraq ora getdim. Kafedə təxminən 2-3 saat oturduq və oturduğumuz müddətdə atam təxminən 5-6 bakal pivə içdi. Daha sonra atamın dostu bizi öz mopedi ilə qaldığımız ünvana apardı. Evə çatandan sonra atam əlavə olaraq araq içməyə başladı. Araq içdikdən sonra atam mənə və bacılarıma qarşı nalayiq ifadələr işlətməyə başladı. Buna əsəbləşərək evdən çıxdım və evimizin yanında olan divarın yanında oturmağa getdim".

Talıbın ifadəsinə görə, gecə saat 03:15 radələrində evdən anasının və bacılarının qışqırıq səslərini eşidib, dərhal evə qaçıb:

"Evə daxil olarkən yataq otağında atamın böyük bacımı döydüyünü gördüm və onlara yaxınlaşaraq bacıma kömək etmək üçün atamı itələdim. Bundan sonra bacım atamın sakitləşdiyini görərək məni də sakitləşdirmək məqsədilə evdən çıxardı. Evdən çıxarkən atam yenidən hücum çəkdiyi təqdirdə onu qorxutmaq məqsədilə mətbəxdən bıçaq götürdüm. Evdən çıxdıqdan dərhal sonra yenə bacılarımın qışqırıq səslərini eşidəndə evə qaçdım. Gördüm ki, atam dəmir stulu əlində tutaraq böyük bacıma vurmaq istəyir. Mən dərhal atamla bacımın arasına keçdim ki, dəmir stol bacıma dəyməsin. Buna görə də atam stulu baş nahiyəmə vurdu. İkinci dəfə vurmaq istəyəndə artıq buna dözmədim və atamın bel nahiyəsinə iki bıçaq zərbəsi endirdim".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra atası özünün bibisi oğlu olan Aqil adlı şəxsə zəng edib və baş verənləri danışıb:

"Aqil qısa zamanda gəldi və atamla birlikdə xəstəxanaya yollandılar. Mən törətdiyim əməldən qorxduğum üçün evi tərk etdim. Mətbəx bıçağını götürməkdə məqsədim atamı qorxutmaq olub. Düşündüm ki, bıçağı görəndə bizə yaxınlaşmayacaq və bizi döyməyəcək. Əvvəllər dəfələrlə atam içki içəndən sonra gəlib məni, anamı və bacılarımı döyürdü".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Talıb 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 2 il sınaq müddəti müəyyən olunmaqla təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilib.

Fariz Məlikli

R
Redaktor